• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    MƏRİFƏT VƏ TÖVHİDİN ON İKİ MƏRTƏBƏSİ

    6 March 2002 ۲۱ ذو الحجّة ۱۴۲۲ 6 March 2002

    00:00:00

    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer


    MƏRİFƏT VƏ TÖVHİDİN ON İKİ MƏRTƏBƏSİ
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer üzündə saxlanan şəxsə! Onların düşmənlərinə qiyamət gününə qədər lənət olsun!

    Mübəlliğlərin vəzifəsi

    Məhərrəm ayı yaxınlaşır, bu gün bizim son dərsimizdir. Bu mövsümdə böyük təbliğ xidmətinə – onun əcr və savabı bəyan və vəsf edilə bilməz – nail olanların mühüm vəzifələri vardır ki, onların bəzilərinə işarə edirik:
    Birincisi: Hər bir məclisi “Səlamun əla Ali-Yasin” ziyarəti ilə başlayın ki, məclis vücud aləminin günəşi Məhdiye Mov`ud (Əccələllahu təala fərəcəhuş-şərif)-in mərhəmət nəzərləri sayəsində olsun.
    İkincisi: Dini hökmləri təbliğ edin, halal-haram məsələlərini camaata çatdırın. Çünki əgər bir məclisdə cahilə yol göstərmək və qafili qəflətdən ayıltmaq kimi məsələlər olmasa, o məclis din rəhbərlərinin diqqət mərkəzində olmayacaqdır.
    Üçüncüsü: Camaatın etiqad əsaslarını möhkəmləndirin.
    Əgər məclislər bu qaydada idarə olunsa, sizə üç ünvan aid ediləcəkdir: Birincisi, din əhlinin qəlbindəki etiqad sərhədlərinin keşikçiləri; ikincisi, Allah yolunun mücahidi, üçüncüsü, Ali-Muhəmmədin (Səlləllahu əleyhi və alih) (əqidə cəhətindən) yetimlərinə öhdəlik. Sizin hər biriniz təbliğ səfərinə gedən zaman əli boşsunuz, amma qayıdan zaman belə dəyərli bir yol ehtiyatı ilə qayıdırsınız. Həm sərhədləri qoruyansınız, həm cihad edənsiniz, həm də yetimlərə öhdəçilik edirsiniz, özü də həzrət Vəliyyi-Əsr İmam Zamanın (Əccələllahu təala fərəcəhuş-şərif) qeybdə olduğu dövrdə.
    Dördüncüsü: Bu il diqqət yetirilməli məsələ bayramın Məhərrəm ayı ilə üst-üstə düşməsidir. Camaat bu əzadarlığın necə böyük matəm, bu müsibətin necə ağır bir müsibət olduğunu dərk etməlidirlər.
    Camaat iki qrupa bölünür: Bir dəstəsinin Seyyidüş-şühəda (Əleyhissalam) ilə işləri yoxdur, bizim də onlarla işimiz yoxdur. Amma digər bir dəstənin işi o həzrətlədir, kimin o həzrətlə işi yoxdur?! Ölüm anları, can vermənin ağır vəziyyətləri tezliklə bizi əhatə edəcəkdir. Vəsfə sığmayan bu ağır anlarda bizim heç nəyimiz yoxdur. Ən cahil şəxs o adamdır ki, həmin anlarda bir şeyə sahib olduğunu təsəvvür etsin. Əgər biz mütəal Allahı və özümüzü tanısaq, məhz bu zaman heç nəyə sahib olmadığımızı başa düşəcəyik.

    Bizim Əba Əbdillah Hüseynə (Əleyhissalam) hacətlərimiz

    Bizim yalnız bir ümidimiz var; o da budur ki, o həzrətin əziz atası o ağır can vermə zamanı bizim başımız üstünə gəlsin. Bu, birinci hacətimizdir.
    Seyyidüş-şühədaya (Əleyhissalam) ikinci hacətimiz qəbrin birinci gecəsindədir. Vəhşəti, zülməti və heyrəti vəsfə gəlməyən o qaranlıq və zülmətli yerdə bizim nə dostumuz, nə yaxınımız, nə də başqa bir adamımız yoxdur, o məclisin yeganə şamı və nuru o həzrətin misilsiz camalıdır. Bu da bizim ikinci hacətimizdir.
    Üçüncü hacətimiz isə “mal-dövlətin, övladın heç bir fayda vermədiyi” Qiyamət günündədir. Heç bir əməldən əsər-əlamət olmayan belə bir gündə yeganə işıq yeri Hüseyn ibni Əlinin (Əleyhissalam) vücudunun nur mərkəzidir. Əgər o nurla əlaqə kəsilsə, hər yeri zülmət bürüyər. Əgər Seyyidüş-şühəda (Əleyhissalam) ilə əlaqə bərqərar olunub rabitə yaransa, o zaman hər yer işıqlanıb nurani olacaqdır.
    Bizim heç nəyimiz yoxdur: nə öldüyümüz vaxt, nə qəbrin birinci gecəsi, nə də Qiyamət günü. Bizim dəftərimizdə olan şey yalnız bir kəlmədir: Seyyidüş-şühədaya (Əleyhissalam) eşq. Əgər bu eşq hər qəlbdə olsa, bu böyük müsibətin nə olduğunu və o həzrətin nələr etdiyini başa düşəcəkdir.

    Aşura hadisəsinə mərifət, onun əvvəli və nəticəsi

    Sizin ayrı-ayrılıqda hər birinizin vəzifəsi budur ki, “Ey Əba Əbdillah! Sənin (müsibətli) günün kimi heç bir (ağır) gün yoxdur” sözünün nə demək olduğunu camaata başa salasınız. Lakin bu mətləbi başa düşmək üçün Qurandan kömək almağa ehtiyac duyuruq. Bu məsələni dərk etmək üçün Quran ən yaxşı müraciət yeridir. “Hər kəsin gördüyü (yaxşı) işlər üçün müəyyən dərəcələr vardır.” Hikmət və ədalət sistemində verilən bütün dərəcələr əmələ mütənasib və onun əsasındadır. Əməl gərək tanınsın; mərifətin yolu hikmətə əməl etməkdir. Hikmət qanunları tələb edir ki, hər əməldə üç nöqtəyə diqqət yetirək: Birincisi, əməlin köküdür ki, o da əməlin başlanğıcı, mənşəyi olur. Digəri əməlin səmərəsidir ki, bu da əməlin sonundadır. Üçüncüsü isə əməlin özünə nəzər salmaqdır.
    Həzrət Seyyidüş-şühədanın (Əleyhissalam) işinə üç nəzərlə baxmaq lazımdır: Biri dəlil nəzəri ilə, biri “inn” bürhanı nəzəri ilə, biri də “limm” bürhanı nəzəri ilə. Bunlardan sonra əməlin özünə də nəzər salmaq lazımdır. Əgər Seyyidüş-şühədanın (Əleyhissalam) Aşurasına bu üç nəzərlə diqqət yetirilsə, bütün dünya əhlinə aydın olar ki, İmam Hüseyn (Əleyhissalam) necə böyük şəxsiyyət idi və necə bir iş gördü?! Bir kəs nə o həzrətin məqamını dərk edə bilir, nə də onun işinin mərtəbəsindən baş açır.

    İmam Hüseynin (Əleyhissalam) əməli tövhidin bütün mərtəbələrindən qaynaqlanır

    Əvvəla, əməlin kökü nədir? Mərifət əhli, ilahi ürfanda kamil həddə çatanlar seyrin sonunu Yunisin (Əleyhissalam) zikri hesab edirlər:
    وَ ذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ
    “Və (xatırla) balığın sahibini, o zaman ki, qəzəbli halda gedib güman etdi ki, heç vaxt onu sıxıntıya salmayacağıq. Zülmətli yerdə səslənib dedi...” O zülmətli yerdə balıq sahibinin nidası nə idi? O, Allaha xitab edərək dedi:
    أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ
    “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən zülm edənlərdən oldum. Biz onun duasını qəbul etdik, qəm-qüssədən qurtardıq və beləcə möminlərə nicat verərik.”
    Yunis (Əleyhissalam) bir cümlə dedi: “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən, mən zülm edənlərdən oldum.” Səcdədə bu zikri davam etmək Allaha doğru seyr etməyə qabiliyyəti olan qəlbləri o yerə çatdırır. Bu məqamı o kəslər dərk ediblər ki, o şərbətin şirinliyini dadmış olsunlar. Bu məqam bu yolun əvvəlidir.
    Seyyidüş-şühəda (Əleyhissalam) “Ərəfə” duasında 12 dəfə “Səndən başqa heç bir məbud yoxdur” deyir. Elmi səlahiyyəti olanlar bu məsələyə diqqət yetirsinlər. Bu gün bu məclisdə irəli çəkilən bu kəlmə barəsində elm, fiqh və ürfan mütəxəssisləri araşdırma aparsınlar. “Ərəfə” duasını oxuyun, Qurana baxın, “Yunis” surəsini araşdırın. Həzrət Yunis (əla nəbiyyina və alihi və əleyhis-salam) balığın qarnında zindanda olarkən belə dedi:
    لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ
    “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən zülm edənlərdən oldum.” Seyyidüş-şühəda (Əleyhissalam) bu cümlədən sonra 11 cümlə də əlavə etdi. Mənası budur ki, Yunis (Əleyhissalam) birinci mərtəbədə, həzrət Hüseyn ibni Əli (Əleyhissalam) isə 12-ci mərtəbədədir. Bu ədəddən yüksəkdə artıq heç bir mərtəbə yoxdur (çünki):
    إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا
    “Həqiqətən, Allah yanında ayların sayı on iki aydır.” (1) Bundan artıq bir mərhələ təsəvvür oluna bilməz. Bu ayənin batini mənası olan mərifətin – ayların mərhələsinin hamısı “Ərəfə” duasında deyilmişdir. Həqiqətdə İmam Hüseyn (Əleyhissalam) həzrət Yunisə (Əleyhissalam) demək istəyir ki, sən təkcə “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən zülm edənlərdən oldum” cümləsini dedin, lakin digər mərhələlər qalmışdır ki, mən onu bəyan edirəm:
    لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ‏ إِنِّي‏ كُنْتُ‏ مِنَ‏ الْمُسْتَغْفِرِينَ‏ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الْمُوَحِّدِينَ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الْخَائِفِينَ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الْوَجِلِينَ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الرَّاغِبِينَ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الْمُهَلِّلِينَ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الْمُكَبِّرِينَ
    Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən bağışlanmaq istəyənlərdən oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən Səni yeganə bilənlərdən oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən günahlarımdan qorxanlardan oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən Sənin əzabından qorxanlardan oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən Sənin rəhmət və mərhəmətinə rəğbət bəsləyənlərdən oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən “la ilahə illəllah” deyənlərdən oldum. Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən təkbir deyənlərdən oldum...”
    Bu cümlələrin hər biri ilahi maariflə dolu olan bir dəryadır ki, minlərlə Cəbrail, Mikail və İsrafil bu sonsuz dəryada itib-batırlar.
    Kim dərk edə bilər ki, o həzrət “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən mən Səni yeganə bilənlərdən oldum” deyən zaman tövhidin 12 mərtəbəsini necə qət edir?! Əhədiyyət məqamında tövhid, üluhiyyət məqamında tövhid, rübubiyyət məqamında tövhid... nəhayət məhəbbət məqamında tövhidə çatıb deyir:
    تَرَكْتُ الْخَلْق طُرّاً فِي هَوَاكَا
    “İlahi, Sənin eşqində məxluqatın hamısını tərk etdim!
    Onun əməlinin kökü və mənşəyi budur; bu əməl on iki dəfə “la ilahə illa ənt” cümləsindən qaynaqlanır. Əvvəldən-axıra qədər bütün ariflərin hamısı “la ilahə illa ənt” cümləsinin mənasında aciz qalmışlar, o ki, qaldı həzrətin bəyanında deyilən sonrakı cümlələrə! Bu, əməlin kökü idi.

    Aşura hadisəsinin əzəməti

    Amma görəsən, əməlin özü nədir? Artıq burada danışmağa qüdrət yoxdur!
    Əbu Bəsir dedi: İmam Sadiqin (Əleyhissalam) hüzuruna getdim. Həzrət buyurdu: “Ey Əba Bəsir! Gözüm İmam Hüseynin (Əleyhissalam) övladlarından birinə düşəndə “la əmlikuhu.” Bu nə deməkdir? Cəfər ibni Muhəmmədin (Əleyhissalam) kəlamıdır. Buyurdu: Onun övladını görəndə artıq öz ixtiyarımı əldən verirəm.
    Burada buyurdu: “Ey Əba Bəsir! Həzrət Fatimə (Əleyhassalam) ağlayır. Nəinki ağlayır, üstəlik fəryad çəkir. Fatimeyi-Zəhra (Əleyhassalam) Hüseyni yad edəndə, onun başına nələr gəldiyini xatırlayanda nalə çəkir. Səmanın bütün mələkləri iztiraba düşürlər ki, olmaya cəhənnəmin şölələri yeri yandıra. Müsibət necə müsibətdir?! Əməl necə əməldir?! Əba Bəsir! Səmanın mələkləri yalnız Zəhranın (Əleyhassalam) sakitləşdiyi vaxt sakitləşirlər.”
    Sonra buyurdu: “Ey Əba Bəsir! Gəl Fatiməyə kömək et!”(2) La ilahə illəllah! Gəl Fatiməyə kömək et! Özü ağladı, amma necə ağladı. Əbu Bəsir deyir: “Artıq orda otura bilmədim.”
    Ey Cəfər ibni Muhəmməd! Sən bilirsən ki, o gün necə bir gün idi, bilirsən ki, iş necə bir iş idi... Deyir ki, ayağa qalxıb getdim. Nə yemək yedim, nə də sübhə kimi yata bilmədim. Sabahı oruc halda gəldim ki, altıncı İmamın başına nələr gəldiyini biləm. Gəlib həzrətin sakitləşdiyini görəndə qəlbim aram oldu.
    Nə gördü, İmamın halı nə oldu! Bunu deyə bilmərəm. Məgər biz o gündə nələr baş verdiyini dərk edə bilərikmi?! Nə baş verdi?! Əməli necə bir əməl idi?! İşi necə bir iş idi?!
    İnsanı heyrətə gətirən şey budur: İbrahimin (Əleyhissalam) günlərini, Musanın (Əleyhissalam) günlərini, İsanın (Əleyhissalam) günlərini görən məsum imamın dili “sənin müsibətli günün kimi heç bir gün yoxdur, ey Əba Əbdillah!” deyir. O, əməlin mənşəyi, bu da əməlin özü.

    Mələklərin və peyğəmbərlərin istəyi

    Amma bu əməlin meyvəsi və səmərəsi nədir?
    Şeyxul-mühəddisin Səduq “Səvabul-ə`mal” kitabında, Şeyxut-taifə “Təhzib” kitabında, Sənədut-taifə İbni Quləveyh “Kamiluz-ziyarat” kitabında, Siqətul-islam Kuleyni “Kafi” kitabında hamılıqla bu hədisi rəvayət etmişlər. Hədisin sənədi son dərəcə etibarlıqdan bəhrələnir, onun mətni də əzəmətin son həddindədir.
    Hədisin sənədi belədir: Səhabələrimizdən bir qrupu Səhl ibni Ziyad və Əhməd ibni Məhəmməddən, onlar da Həsən ibni Məhbubdan, o da İshaq ibni Əmmardan. Sənədi son dərəcə etibarlıdır, icma səhabələrindən olan ravilərə şamildir.
    “Və ləysə min mələkin” ifadəsindəki inkar və istisna barədə fikirləşin: “elə bir mələk yoxdur ki,” nə deməkdir? Cəbrəil vəhyin keşikçisi, Mikail ruzinin keşikçisi, İsrafil surda nəfxin keşikçisi, Əzrail ruhların keşikçisi olduğu halda, kərrubilər, Ərşin daşıyıcıları, Beytül-məmurun sakinləri, Kürsünün mühafizləri hamılıqla və heç bir istisna olmadan; habelə “heç bir nəbi yoxdur ki,” dedikdə Adəm (Əleyhissalam) Əsma elm ilə, Nuh (Əleyhissalam) şükür edən bəndə məqamı ilə, İbrahim (Əleyhissalam) Allahın Xəlili rütbəsi ilə, Musa (Əleyhissalam) Kəlimullah məqamı ilə, İsa (Əleyhissalam) Ruhullah mənsəbi ilə – hamılıqla Allah dərgahında acizlik əlaməti olaraq Ondan istəyirlər ki, o həzrətin qəbrini ziyarət etmək üçün onlara izn versin. Bu da əməlin meyvəsi və səmərəsidir.
    Bir əməlin kökü və mənşəyi budur, özü budur, səmərəsi də elədir. Sizin hamınızın vəzifəsi budur ki, bu əməli layiqincə camaata çatdırasınız.

    Bahar bayramının Seyyidüş-şühəda (Əleyhissalam) əzadarlığı ilə üst-üstə düşdüyü zaman şadlıqların üstünə xətt çəkmək lazımdır!

    Bu ölkəyə hakim olan sistem, Ali Məclisdə vəkalət kürsüsünə söykənənlər, nazirlik kürsüsündə əyləşənlər, rəyasət məqamına çatanların hamısı Tasua və Aşuranın bərəkəti ilə bu məqamlara çatmışdır. Əgər onun adı olmasaydı, siz bu kürsülərdə oturan insanlar nə vaxt bu məqamlara çatardınız?!
    “Nemət sahibinə şükür etmək” qanunu tələb edir ki, bu il bu bayramın (novruz) bu əzadarlıqla eyni vaxta düşdüyü üçün bütün şadlıq mərasimlərinin üstünə xətt çəkilsin. Xütbələrinizi “Əssəlamu ələykə ya Əba Əbdillah” cümləsi ilə başlayın. Peyğəmbər (Səlləllahu əleyhi və alih) gülüstanının xəzanı ilə eyni vaxta düşən bu baharda ölkəni başdan-başa qaraya bürüyün.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə