• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Peyğəmbərlərin (əleyhmuissalam) göndərilməsinin və səmavi kitabların nazil edilməsinin nəticəsi Seyyidüş-şühəda (əleyhissalam)-ın qiyamına


    Hidayət çırağı və nicat gəmisi
    Peyğəmbərlərin (əleyhmuissalam) göndərilməsinin və səmavi kitabların nazil edilməsinin nəticəsi Seyyidüş-şühəda (əleyhissalam)-ın qiyamına
    Peyğəmbərlərin (əleyhmuissalam) göndərilməsinin və səmavi kitabların nazil edilməsinin nəticəsi Seyyidüş-şühəda (əleyhissalam)-ın qiyamına bağlıdır
    Məhərrəm ərəfəsində olduğumuza görə bu ayə barəsində dərindən təfəkkür edilməlidir:
    فَلَوْلَا نَفَرَمِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ
    “Nə üçün onların hər bir firqəsindən bir dəstə adam dini öyrənmək üçün səfər etmirlər?!”
    Bu ayədəki “liyətəfəqqəhu” kəlməsinin kökü “fiqh”, heyəti isə “təfə`ül” vəznidir.
    Dinin başa düşülüb dərk edilməsi bəşər əqlində həzm edilməlidir. Əvvəlcə bilmək lazımdır ki, din nədir. Çünki nə qədər ki, din tanınmayıb, dinin fiqhi də tanınmayacaqdır:
    إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ
    “Həqiqətən, Allah yanında din yalnız islam dinidir.”
    Bütün peyğəmbərlərin besətinin məhsulu olan dinin dərk edilməsinin əhəmiyyəti hansı həddədir?
    Bu dinin qalıb davam etmə səbəbi yalnız Seyyidüş-şühəda (əleyhissalam)-ın qiyamıdır. Bu əzəmətli mətləbi, yəni “bütün peyğəmbərlərin besətinin və bütün səmavi kitabların nazil olmasının nəticəsinin bu qiyama bağlı olması”nı başa düşmək nə qədər əhəmiyyət daşıyır?!
    “Əzadarlıq süstlük gətirir!” şübhəsi
    Hazırkı dövrdə əzadarlıq barəsində çoxlu şübhələr icad edilir. Sizin hamınız iki cəhətdə: biri inkari, digəri isə isbati cəhətdə tam silahlanmalısınız. Cəhalətin çoxluğu nəticəsində iş o yerə çata bilər ki, bəziləri bu əzadarlıqların, bu təlatümlü həyəcanların “əzadarlıqda ifratçılıq və süstlük səbəbi” hesab etsinlər.
    Axtarış aparmaq lazımdır: bu günlərin bu həddə təzimlə yad edildiyi, bu qiyamın bu qədər əziz sayıldığı halda onu süstlük səbəbi hesab edənlər kimlərdir?
    Bunlar iki qisimdən xaric deyildirlər: Bir qismi islama bağlı olanlar, ikinci qisim isə qeyri-müsəlmandır. İslama bağlı olduqları halda bu günlərdə bu cür həyəcanların, ah-nəvaların mənasız olduğunu təsəvvür edənlər elə bataqlığa düşüblər ki, əgər onların bütün alimləri cəm olsalar, yenə də deyəcəyim bu məsələyə cavab verməyə qadir olmayacaqlar. Aşuraya irad tutub bu məzhəbin şüarlarına təhqirlə yanaşan bu şəxslərin öz etiqadları budur ki, Allah hər cümə axşamı asimandan yerə gəlir. O, gün batandan gün çıxana qədər yer üzərindədir. Gün çıxan kimi asimanlara doğru səfər edir. (1)
    Belə bir mövhumatçı məzhəbin və qrupun Aşuraya və şiəliyin digər şüarlarına həqarət gözü ilə baxmağa haqqı vardırmı?!
    Onlarda şüursuzluq və dərkin olmaması bu həddədir. Onlar başa düşmürlər ki, əgər cümə gecəsi Allah yer üzünə gəlsə, asimanlar Allahsız necə qala bilər?! Həftənin sair günləri ərzində Allah asimana gedirsə, yer necə Allahsız qalır?! Bundan əlavə, onların sözünün puç və batil olması dəqiq elmi-fəlsəfi dəlillərlə də sübuta yetmişdir.
    Bu məzhəbin (şiəliyin) qədrini bilin! Yuxarıdakı puç əqidələr o kəslərin məzhəblərinin əsasıdır ki, hazırda şiələrlə mübarizə aparır və özlərinin tovhid bayraqdarları olduğunu iddia edirlər! Bunlar puçluq və zəlalət vadisinə qərq olmuşlar. Belə adamların Aşura barəsində nəzər verməyə nə haqları vardır?!
    İkinci dəstə isə islamdan xaric olan kəslərdir. Bunlar istər Papa olsun, istərsə də onun tabeçiləri; əgər elmi qüdrətləri vardırsa, “Rəbbani gecə” kimi puç əqidə bataqlığından xaric olsunlar!
    Bu qrupun puç xəyallara düçar olması və əqli idrak zəifliyi bu həddədir ki, rəbbanı gecə mərasimində xəmir yoğurur, ondan çörək bişirir və o çörəyi yeyirlər. Papanın və onun ardıcıllarının əqidəsi budur ki, İncilin aşkar dediyinə görə Allahın kəlməsi olan İsa Məsih elə bu unun içində xəmirə çevrilir, sonra Məsihin ardıcılları bu “Allahı” yeyirlər, ətləri və qanları “Allah” ilə qarışır. Bu da onların puç xəyallarıdır.
    Hüseyn (əleyhissalam) şüarlarını süstləşdirmək
    İndi alçaqlığın və namərdliyin son həddi budur ki, puç xəyallarda qərq olan belə millətlər bu (dini) şüarlara xiffət və həqarət gözü ilə baxmasınlar deyə, bu ölkədə Hüseyn şüarlarını süstləşdirək! Müsibət budur: camaata bu qədər cəhalət hakim olmuşdur və təsəvvür edirlər ki, bu əzadarlıqlar ifrata getmişdir və gərək azaldılsın!
    Buna görə dinin düşünülməsi və fiqhi lazımdır. Bu müsibətlərin hamısı cəhalətin nəticəsindədir. Aşura müsibətinin əzəməti müqabilində ölkədəki bu qədər təntənəli, həyəcanlı və qovğalı əzadarlıqlar, bütün bu dəstələr və heyətlər heçdir! Nə o həzrətin özü tanındı, nə də onun gördüyü iş.
    Məhəmməd ibni Əli Qummi (o kəsdir ki, Əllamə Həsən ibni Yusif ibni Mutəhhər, onun varlığına görə Şeyx Səduqun iki sənədini səhih bilir.) (Şeyx Səduqun Şeyxi) kimi bir şəxs Əli ibni İbrahim Qummidən (siqə (danışığında etimadlı və səbət – hər şeyi olduğu kimi qələmə alan), o da İbrahim ibni Haşimdən (öz dövründə qumluların ədaləti və siqə şeyxi sayılırdı), o da Rəyyan ibni Şəbibdən (o, Nəcaşinin tərəfindən tövsiq edilmişdir) rəvayət edir. Rəvayətin sənədi belə bir sənəddir.
    Nəcaşi tərəfindən tövsiq edilən bu Rəyyan deyir: Məhərrəm ayının birinci günü Əli ibni Musər-Riza (əleyhissalam)-ın yanına getdim. Yaxşı-yaxşı diqqət edin və Aşuranın nə olduğunu başa düşün! Bilin ki, hadisə necə hadisə idi! Bu sözü deyən kimdir, özü də rəvayət hansı səndələ nəql olunub?!
    Bu sözü deyən adam elə bir kəsdir ki, onun qəbrini ziyarət etmək Beytullahın yetmiş min həccinə bərabərdir. (Bir rəvayətə əsasən onun sənədi, elə yüksək dərəcədə səhihdir ki, Şeyx Ənsari o sənəd əsasında fətva verir.) Bax belə bir şəxs bu barədə hədis buyurur. Buradan fikirləşin! Dində fiqh budur ki, ondakı dəqiq incəliklərə diqqət yetirəsiniz, məsələni kökündən dərk edəsiniz.
    Həzrət bir cümlə buyurdu ki, nəinki onu başa düşmək, hətta onu demək belə, mənim üçün çox çətindir! Həzrət buyurdu:
    يَا ابْنَ شَبِيبٍ إِنْ كُنْتَ بَاكِياً لِشَيْ‏ءٍ فَابْكِ لِلْحُسَيْنِ
    “Ey Şəbibin oğlu! Əgər bir şey üçün ağlasan, onda Hüseyn (əleyhissalam) üçün ağla!”
    “Şey” kəlməsindən də ümumi (və geniş) mənalı bir kəlmə vardırmı?! Yəni peyğəmbərlərin (əleyhmuissalam) hamısının müsibəti, vəsilərin (əleyhmuissalam) hamısının müsibəti hamılıqla “şey” kəlməsinin məfhumuda yatmışdır. Bütün övliyaların müsibətləri, bütün şəhidlərin müsibətləri bu kəlmədə yatmışdır.
    Əgər bir şey üçün ağlasan, onda Hüseyn (əleyhissalam) üçün ağla! O necə böyük şəxsiyyət idi və nə etdi?! Bu hadisə necə bir hadisə idi? Gedin və fikirləşin!
    Əgər İbrahim (əleyhissalam)-ın gününü xatırlasanız, (bilin ki,) “Hüseynin günü kimi bir müsibətli bir gün yoxdur.” Əgər Musa (əleyhissalam)-ın günü qəlbinizdən keçsə, (bilin ki,) “Hüseynin günü kimi bir müsibətli bir gün yoxdur”. Əgər İsa (əleyhissalam)-ın günlərini xatırlasanız, (bilin ki,) “Hüseynin günü kimi bir müsibətli bir gün yoxdur”.
    Səmadan qan və qırmızı torpaq yağması
    Bir cümlə də deyim, kifayətdir. Rəvayətin davamında İbni Şəbibə buyurdu: Atam öz ata-babalarından nəql edir ki,
    لَمَّا قُتِلَ جَدِّيَ الْحُسَيْنُ(ع) أَمْطَرَتِ السَّمَاءُ دَماً وَ تُرَاباً أَحْمَر
    “Cəddim Hüseyn (əleyhissalam) qətlə yetirilən zaman səmadan qan və qırmızı torpaq yağdı.”
    Bu hadisə necə bir hadisə idi, nə olmuşdu?!
    Aşura müsibətindən sonra üfüqün qızarması
    Yaxşı-yaxşı fikir verin: Zəhəbi yazmışdır, təkcə Zəhəbi yox, Süyuti də yazmışdır. Təkcə Süyuti yox, həm təfsir ricallarından, həm də hədis ricallarından olan sünnü tarixçiləri, sünnü mühəddisləri, sünnü təfsirçiləri yazmışlar: “O qətlə yetirilən zaman altı ay ərzində üfuq qırmızı idi.” (2) Bunları sünnülər üçün deyirəm ki, Aşura günü vəzifələrinin nə olduğunu bilsinlər, şiələrin isə başqa vəzifələri vardır.
    Bu məsələnin təhlilində İbni Covzinin bəyanı budur: “Qəzəb qələbə çalanda insanın üzü qızarır. Allah-taalanın müqəddəs zatı cisim olmaqdan pak olduğu üçün Hüseyn ibni Əli (əleyhissalam)-ın şəhadət hadisəsində qəzəbi üfüqlərin qızarması şəklində (zahir) olmuşdur.” Bu, sünnülərin böyük alimlərinin sözüdür.
    Bu hadisə sünnülərin nəzərindən elə danılmaz bir şəkildədir ki, elmi cəhətdən onu əsaslandırmağa lüzum görülmür.
    Seyyidüş-şühəda (əleyhissalam)-ın müsibətində İmam Riza (əleyhissalam)-ın göz qapaqları (ağlamaqdan) yara bağlayırdı
    Amma şiə nəzərindən vəzifəmiz nədir? Yenə də səkkizinci İmamın bəyanını qeyd etmək lazımdır. O kəslər ki, “sinə vurmayın, zəncir vurmayın, çünki zərəri vardır!” - deyirlər... Bu şübhələri camaatın qəlbinə bir dəstə avam salır. Siz gərək tam qüdrətlə bu din barədə dərin anlayış və düşüncə qüdrəti ilə təchiz olunasınız! Əgər mərhum Şeyx Tusidən mərhum Şeyx Ənsariyə qədər bütün böyük alimlər bir yerə yığılsalar, dəyərləri səkkizinci İmamın bir nəfəsi qədər olmaz. Buna görə də Salmandan bu tərəfə hamı özünü fəda etməlidir ki, o həzrətin bir nəfəsi qalsın. Belə bir şəxs buyurur:
    إِنَّ يَوْمَ الْحُسَيْنِ(ع) أَقْرَحَ‏ جُفُونَنَا وَ أَسْبَلَ دُمُوعَنَا
    “Həqiqətən, Hüseyn (əleyhissalam)-ın günü göz qapaqlarımızı (ağlamaqdan) yaraladı və göz yaşlarımızı (sel kimi) axıtdı.” Səkkizinci İmamın ağlamağı onun öz ixtiyarındadır, nə qədər ağlamalıdır ki, kirpiklərinin hamısının dibi yara bağlasın?! Bu yaralar səkkizinci İmamın gözünün yarasıdır, çünki bu hadisənin əzəmətini o bilir! O bilir ki, nə baş vermişdir?!
    İmam Hüseyn (əleyhissalam)-ın adı ərşin sütununda
    Əgər bu hadisəni dərk etmək istəyirsinizsə, gərək bu ayələrdə diqqətlə fikirləşəsiniz, əvvəlcə ərşi tanıyasınız. Ərş nədir? Quran ayələrində ərş kəlməsinin hansı ayələrdə gəldiyinə baxın. Bir ayədə “kərim ərş”, bir ayədə “əzim ərş”, bir ayədə isə “məcid ərş” buyurulmuşdur:
    فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ
    “Haqq məlik Allah uludur! Ondan başqa heç bir məbud yoxdur və O, Kərim (kəramətli) ərşin Rəbbidir.”
    اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
    “Allahdan başqa heç bir məbud yoxdur və O əzim (əzəmətli) ərşin Rəbbidir.”
    وَ هُوَ الْغَفُورُ الْوَدُودُ * ذُو الْعَرْشِ الْمَجِيدُ
    “Və O, bağışlayan və mehribandır, məcid (əzəmətli) ərşin sahibidir.”
    Allah-taala Öz əmri ilə əlaqədar tədbiri bəyan etdikdə buyurur:
    ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُدَبِّرُ الْأَمْرَ
    “Sonra ərşə hakim kəsildi, (xilqətlə əlaqədar) işləri tədbir edir.”
    وَ تَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ
    “Məlaikələrin ərşin ətrafında öz Pərvərdigarlarına təsbih dediyini görərsən.”
    Allah, Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə əlaqədar buyurur: Təvəkkül məqamı bəyan et və de:
    عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
    “Yalnız Ona təvəkkül etdim və O, əzəmətli ərşin Rəbbidir.”
    Təsbih mərhələsinə çatan zaman buyurur:
    فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
    “Ərşin Rəbbi olan Allah (müşriklərin vəsf etdikləri şeylərdən) pak və münəzzəhdir.”
    الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ
    “Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəblərini həmd ilə yanaşı təsbih edirlər.”
    إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ * ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ
    “Həqiqətən, O, əzizlənmiş Rəsulun (göndərilənin) sözləridir – dəyərli ərşin yanında qüdrətli Allah tərəfindən.”
    Bu ayələr ilahi ərşin əzəmətini göstərir.
    Merac gecəsinin əzəməti barəsində Allah-taala buyurur:
    سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلًا
    “Pak və münəzzəhdir o kəs (Allah) ki, Öz bəndəsini gecə ikən Məscidul-həramdan Məscidul-əqsaya – ətrafını bərəkətli etdiyiniz yerə seyr etdirdi (meraca apardı).”
    Allah-taala Öz həbibi Muhəmmədi (səlləllahu əleyhi və alih) yüksək məqamlara apardı, orada “Öz bəndəsinə lazım olan şeyləri vəhy etdi.” Bundan sonra o həzrət buyurdu: Ərşə baxanda onun sütununda belə yazıldığını gördüm:
    إنَّ الحُسَينَ مِصباحُ الهُدي وَ سَفينَةُ النَّجاة
    “Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir.”
    Seyyidüş-şühəda (əleyhissalam)-ın əzəməti o qədər yüksək məqamlıdır ki, Allah-taala yuxarıdakı vəsflərlə bəyan olunan ərşi o həzrətin adı ilə zinətləndirmişdir. İndi başa düşmək olar ki, nə üçün İmam Riza (əleyhissalam) “Həqiqətən, Hüseyn (əleyhissalam)-ın günü göz qapaqlarımızı (ağlamaqdan) yaraladı və göz yaşlarımızı (sel kimi) axıtdı” - deyə buyurur.
    Bu əzadarlıqlar o müsibətin müqabilində çox cüzi bir şeydir. Bu ölkə ilbəil dəyişilməli, hər il Aşura kəmiyyət və keyfiyyət baxımından irəliyə getməlidir.
    Fatimeyi-Zəhra (əleyha salam) Seyyidüş-şühəda (əleyhissalam)-ın müsibətində nalə çəkir və fəryad edir
    Bu hədis insanı dəhşətə gətirir. Camaat! Bilin ki, bu hadisə hər gün təkrar olunur. Rəvayət belədir: Mühafizəçi mələklər yüksək məqamlara getmək, yerdən asimana seyr etmək istədikləri zaman onların işləri hamılıqla Seyyidüş-şühəda (əleyhissalam)-ın ziyarətinə getməkdir. Hairin hüdudlarına, İmam Hüseyn (əleyhissalam)-ın qətlgahına daxil olan zaman hərəmdə olan mələklər onlarla görüşür, lakin sübhə qədər onlarla danışmırlar. Nə üçün? Çünki sübhə qədər ağlayırlar. Gün çıxan kimi mühafizəçi mələklərlə danışıb sonra gedirlər.
    Müsibətin əzəməti budur: O mələklər yüksək məqamlara getdiyi zaman min peyğəmbər, min vəsi, min şəhid və kərrubi məqamının mələklərindən min-mini ilə birlikdə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinin ziyarətindən gələn mələklərlə qarşılaşırlar. O həzrət (Fatimeyi-Zəhra) bu mələklərlə qarşılaşan zaman nalə və fəryad edir, asimanın bütün mələkləri onun naləsi səbəbi ilə təsbih (sübhanəllah) və təhlil (la ilahə illəllah) zikrindən dayanır, bu məsələni Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xəbər verincəyə qədər gözləyirlər. Sonra o həzrət gəlib Fatimeyi-Zəhraya başsağlığı verir və o həzrətin qəlbi sakitləşir. Mələklər qayıdan zaman bu mənzərəni görürlər. (3)
    İmam Riza (əleyhissalam) bir kəlmə buyurdu ki, bu müsibətin necə əzəmətli olmasını hamı başa düşsün:
    يَا ابْنَ شَبِيبٍ... إِنَّ الحُسَينَ ذُبِحَ كَمَا يُذْبَحُ الْكَبْشُ
    “Ey Şəbibin oğlu!... Həqiqətən, Hüseynin başını qoyunun başını kəsən kimi kəsdilər.” Artıq tərcümə etmək olmur.
    Amma müsibət budur ki, o həzrət susuz halda qətlə yetirildi:
    حَتَّى يَحُولَ الْعَطَشُ بَيْنَهُ‏ وَ بَيْنَ‏ السَّمَاءِ كَالدُّخَانِ
    “Nəhayət, susuzluq onunla səma arasında tüstü kimi bir pərdə yaratdı.”

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə