• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Məxfi məhəbbət
    Ən mühüm məsələ Aşuranı dərk etməkdir. Bəşəriyyət tarixində əvvəllər misli görünməmiş və sonralar da misli görünməyəcək bu hadisə nə


    Seyyidüş-şühəda (əleyhissalam)-ın müsibətində göz yaşı axıtmaq
    Məxfi məhəbbət
    Ən mühüm məsələ Aşuranı dərk etməkdir. Bəşəriyyət tarixində əvvəllər misli görünməmiş və sonralar da misli görünməyəcək bu hadisə nə

    Məxfi məhəbbət
    Ən mühüm məsələ Aşuranı dərk etməkdir. Bəşəriyyət tarixində əvvəllər misli görünməmiş və sonralar da misli görünməyəcək bu hadisə nə dərk olunmuşdur, nə də bəyan edilmişdir. Amma əsas məsələ budur ki, bu günlər bahardır – amma qəlblərin baharıdır. Onun feyz dolu nəsim küləklərinin təsiri budur ki, bu bir neçə gündə إِنَّ لِلْحُسَيْنِ(ع محَبَّة مَکْنُونَة “Həqiqətən, Hüseyn (əleyhissalam) üçün möminlərin qəlblərində gizli bir məhəbbət vardır” (1) hədisinin hökmünə əsasən, o məhəbbət istər-istəməz çiçəklənəcəkdir. Bu şəraitdən mümkün qədər istifadə etmək lazımdır.
    Hər kəs üçün ən böyük və yüksək səviyyəli müsibət – həsrət müsibətidir. O həsrət də budur: “bu həyatdan daha artıq bəhrələnə bilərdim, amma etmədim.” Bu həsrətdən o kəslər amandadırlar ki, onların həyatları bu ayənin nümunəsi olsun – çünki hər nə varsa, Qurandadır, amma onu kim dərk edib düşünə bilər?! – Allah-taala iki cümlə buyurdu: “... ta ki dində təfəqqüh etsinlər və qövmlərini qorxutsunlar.” Lazım olan hər nə varsa, bu iki cümlədədir. O kəslər həsrət hissi keçirməyəcəklər ki, həyatları bu iki cümlə əsasında olsun: birincisi dində təfəqqüh, ikincisi qövmünü qorxutmaq.
    Bəziləri güman edirlər ki, il boyu bu dərslərlə məşğul olsalar, kifayətdir. Bu da şeytanın vəsvəsəsidir. لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ “Ta ki dində təfəqqüh etsinlər və qövmlərini (ilahi əzabdan) qorxutsunlar.” Sizin hər biriniz bu təbliğ günlərində əgər bu fürsətləri əldən versəniz, əsla vəsf və bəyan oluna bilməyən bir həsrətə düçar olacaqsınız! O həsrət nədir? Hər şeydən gözəl İmam (əleyhissalam)-ın kəlamıdır. Çünki hər şey bu evdən xaric olmasa, batildir. Hikmət və mərifətin hamısı bu cümlədədir. O rəvayət budur, dərk qabiliyyəti və səlahiyyəti olanlar üçün rəvayətin mətninə işarə etmək kifayətdir.
    Əqidə cəhətindən zəif olan insanları cəhalət zülmətlərindən elm nuruna doğru hidayət etmək
    On birinci İmam, Əmirəl-möminin Əli (əleyhissalam)-dan belə nəql edir:
    قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ(ع)‏ مَنْ‏ كَانَ‏ مِنْ‏ شِيعَتِنَا عَالِماً بِشَرِيعَتِنَا
    “Bizim şiələrimizdən hər kəs bizim şəriətimizə alim olsa...” Bu cümlələrin hər birində yaxşı-yaxşı diqqət edin. Bu rəvayətin şərhi müfəssəldir, lakin biz onun mətnini qeyd etməklə kifayətlənirik:
    مَنْ‏ كَانَ‏ مِنْ‏ شِيعَتِنَا “Bizim şiələrimizdən hər kəs...” Hər kəs deyil, əksinə bu sifətlə olanlar: “Bizim şəriətimizə alim olub (əqidə cəhətindən) zəif olan şiələrimizi onların (düşdükləri) cəhalət zülmətindən ona (o alimə) verdiyimiz elm nuruna doğru hidayət etsə, Qiyamət günü elə bir halda gələr ki...”
    Bir şeyin təsirindən onun özünü dərk etmək lazımdır. Elmin iki yolu vardır: “inn” və “limm”. “İnn” dəlili nəticədən səbəbə (təsir edənə) çatmaqdır. Bu nəticə hansı səbəbdən irəli gəlmişdir?
    عَالِماً بِشَرِيعَتِنَا، وَ أَخْرَجَ ضُعَفَاءَ شِيعَتِنَا مِنْ ظُلْمَةِ جَهْلِهِمْ إِلَى نُورِ الْعِلْمِ الَّذِي حَبَوْنَاهُ [بِهِ‏] جَاءَ يَوْمَ الْقِيَامَةِ
    Bizim şəriətimizə alim olan o şəxs şiələrimizin zəiflərini o alimə verdiyimiz elm nuru səbəbi ilə cəhalət zülmətlərindən elm nuruna doğru hidayət etsə, Qiyamət günü elə halda gələr ki... Bu o kəsin bəyanıdır ki, onun sözləri məxluqun kəlamının fövqündə, Xaliqin kəlamından aşağıdadır.
    وَ عَلَى رَأْسِهِ تَاجٌ مِنْ نُورٍ يُضِي‏ءُ لِأَهْلِ جَمِيعِ تِلْكَ الْعَرَصَاتِ
    “Onun başında nurdan olan bir tac olar, bütün məhşər əhlini işıqlandırar.” Bu necə bir məqamdır? Bu necə bir mənsəbdir? Əvvəldən-axıra qədər bütün məxluqlar, cin və insanlar hamılıqla məhşər səhnəsinə toplaşmışlar. Belə şəxsin başında olan bu tac bütün məhşər əhlini işıqlandıracaqdır.
    وَ عَلَيْهِ‏ حُلَّةٌ Onun əynində Allah tərəfindən geyindirilən bir xələt vardır. Onun dəyəri nə qədərdir? “لَا يَقُومُ لِأَقَلِّ سِلْكٍ مِنْهَا الدُّنْيَا بِحَذَافِيرِهَا “Dünyanın bütün qiymətli şeyləri onun ən kiçik ipinə bərabər ola bilməz.” Zəif şiələri cəhalət heyrətindən çıxaran bu alimin əyninə biçilmiş o xələtin ən kiçik sapının dəyəri nə qədərdir? Bütün bu dünya. Dünyanın həcmi təkcə yer deyildir: لَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا “Şübhəsiz, Biz dünya səmasını ulduzlarla zinətləndirdik.” Bütün bu günəş sistemləri dünyanın bir hissəsidir. Yüksək asimandan tutmuş, yerin dərinliklərinə qədər bütün bu dünya o xələtin bir sapının dəyərinə çatmaz.
    ثُمَّ يُنَادِي مُنَادٍ [مِنْ عِنْدِ اللَّهِ‏]: يَا عِبَادَ اللَّهِ هَذَا عَالِمٌ مِنْ بَعْضِ تَلَامِذَةِ آلِ مُحَمَّدٍ
    Sonra (Allah tərəfindən) bir carçı nida edib deyər: “Ey Allahın bəndələri! Bu, Ali-Məhəmmədin şagirdlərinin bəzisindən olan bir alimdir.” O şəxs belə təqdim olunar. Əsas məsələ aşağıdakı bir neçə cümləni dərk etməkdir:
    أَلَا فَمَنْ أَخْرَجَهُ فِي الدُّنْيَا مِنْ حَيْرَةِ جَهْلِهِ فَلْيَتَشَبَّثْ بِنُورِهِ، لِيُخْرِجَهُ مِنْ حَيْرَةِ ظُلْمَةِ هَذِهِ الْعَرَصَاتِ إِلَى نَزْهِ الْجِنَانِ
    “Agah olun! O, dünyada hər kəsi cəhalət heyrətindən çıxarmışsa, həmin şəxslər onun nuruna sarılsınlar, o da həmin şəxsləri bu dünyanın (axirətin) zülmət heyrətindən çıxararaq cənnətlərə doğru aparsın.” Nə olacaqdır?
    Birincisi:
    فَيُخْرِجُ كُلَّ مَنْ كَانَ عَلَّمَهُ فِي الدُّنْيَا خَيْراً
    O alim dünyada hər kəsə bir xeyir iş öyrətmiş olsa, onların hamısını məhşərin zülmətindən xaric edər. Onlar həmin gündə o alimin nuruna sarılarlar.
    İkincisi: “Yaxud qəlblərindən cəhalət qıfıllarından birini açmış olsa”. Bu bəyanlar dəhşətdir! Nə etmişdir? Allahın hökmlərindən hər hansı birində, yaxud haqq əqidələrindən birində cəhalətlə qıfıllanmış bir qəlbin qıfılını açmış olsa, onu da məhşərin zülmətindən xaric edəcəkdir.
    Üçüncüsü: “Onun üçün hər hansı bir şübhəni dəf etmiş olsa.” Bir şübhəni izah etmiş, şübhə zülmətinə qərq olmuş o ruhu belə şübhə zülmətindən xaric etmiş olsa, onu da məhşərin zülmətindən xaric edəcəkdir.
    Bu gün elə bir gündür ki, cin və insanlardan olan şeytanlar ruhları zəif olanlar üçün cürbəcür şübhələr icad edirlər, istər-istəməz güclü olmayan təbiətlər də ən kiçik xəstəlik müqabilində təsirlənirlər, xəstəlik onların ruhunda özünə yer açan zaman onun müalicəsi son dərəcə çətin olur. Dində alim olduqdan sonra sizin hamınızın vəzifəsi budur ki, bu günlərdə gedib – başdan-ayağa zülmətlə dolu olan belə bir zamanda Ali-Muhəmmədin yetimlərini xilas edəsiniz. Sonra da sizin savabınız bu olacaqdır.
    Əqidənin möhkəmləndirilməsi, əxlaqın saflaşdırılması və ilahi hökmlərin təlimi
    Lazım olan şey bu üç məsələdir: biri əqidənin möhkəmləndirilməsi; hər yerə getsəniz, gərək elə bir iş görəsiniz ki, siz qayıdandan sonra o yerin əhalisinin qəlbləri haqq əqidə əsasında möhkəm və sabit qalsın.
    İkincisi: əxlaqın saflaşdırılması. “Biharul-ənvar”ın moizələr bölməsindən Əhli-beyt (əleyhmuissalam) rəvayətlərini camaata oxuyun, camaatın ruhlarını o kəlamlarla saflaşdırın.
    Üçüncüsü: Allahın hökmlərini camaata öyrədin. Məhz bundan sonra sizin məclisləriniz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu aşağıdakı kəlamın nümunəsi olacaqdır:
    إِنَّمَا الْعِلْمُ ثَلَاثَةٌ: آيَةٌ مُحْكَمَةٌ، أَوْ فَرِيضَةٌ عَادِلَةٌ، أَوْ سُنَّةٌ قَائِمَةٌ
    “Elm yalnız üç şeydir: möhkəm ayələr (əqidə), adilə fərizə (ilahi hökmlər) və qaimə sünnət (əxlaqın saflaşdırılması).” Əgər səhlənkarlıq edərək rahatlıq yolunu seçsəniz, Qiyamətin günü “başıma belə bir tac qoya, Allahdan belə bir xələt ala bilərdim, amma təəssüf ki, bu işi görə bilmədim” - deyə daim həsrət çəkəcəksəniz. وَ أَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ “Onları həsrət günündən qorxut, o zaman ki, iş bitmiş olar.” Artıq geriyə qayıtmağa heç bir yol yoxdur.
    Bərzəx gözü ilə meyitin ruhunun müşahidə edilməsi
    Böyük şəxsiyyətli alimlərdən olan ustadlarımızdan biri nəql edirdi ki, bir cənazəni götürdülər, bərzəx gözü olan bir şəxs o meyitin ruhunun cənazəsinin üstündə getdiyini gördü və bu iki beyt şeri oxudu:
    سالها جام جم به دست تو بود چون تو نشناختي کسي چه کند؟
    برده بودي و نقشت آمده بود چون توکژ باختي کسي چه کند؟
    Uzun illər cami-cəm sənin əlində idi,
    Sən onu tanımadınsa, başqası neyləsin?!
    Udmuşdun, bəxtin gətirmişdi,
    Sən yolu əyri getdinsə, başqası neyləsin?!
    اجْتَمَعَتْ عَلَيْهِمْ‏ سَكْرَةُ الْمَوْتِ‏ وَ حَسْرَةُ الْفَوْتِ
    “Onlara ölüm (canvermə) anları və əldən çıxma həsrəti cəm olar.”
    Əfsus ki, ömrümüz keçdi və nə edəcəyimizi bilmədik! Bu həyatdan ən yüksək səviyyədə necə istifadə edə bilərik?!
    Aşura – xilqət aləmində həyəcan və qovğa
    Qəlbləri gücləndirin, bu ümmətə başa salın ki, Aşura xilqət aləmində bir həyəcan, bir qovğadır. Camaat arasında xüsusi adamlardan olan avamlar və avamlardan olan xüsusi adamlar tərəfindən yayılan bu puç və batil şeyləri elm və fiqh bürhanı ilə məhv edib aradan aparın ki, camaat Aşuranın nə olduğunu başa düşsün. O kim idi, nə etdi?
    Mələyin xasiyyəti budur: o, yüksək aləmlərə cəzb olunur. Bu, mələyin xasiyyətidir:
    مِنْ مَلَائِكَةٍ أَسْكَنْتَهُمْ سَمَاوَاتِكَ وَ رَفَعْتَهُمْ عَنْ أَرْضِكَ
    “Məlaikələrindən bəzilərinə səmalarında yer verdin, onları yerdən yüksəklərə qaldırdın (məqamlarını yüksəltdin).”
    Şeyxut-taifə Rəisul-firqə Şeyx Tusi min il bundan qabaq öz kitabında Seyyidüş-şühəda (əleyhissalam)-ın səhabələri üçün bir ziyarət nəql etmişdir ki, o ziyarət hər bir hikmət sahibinin əqlini heyran qoyur. O ziyarətin bir cümləsinin məzmunu belədir: “Mələklər Seyyidüş-şühəda Hüseyn (əleyhissalam)-ın səhabələrinin qəbirlərinə elə yapışmışlar ki, onların şəhadət yerindən bir an belə, ayrılmağa taqətləri yoxdur.” Əgər o həzrətin səhabələri belədirsə, onda “xilqət, əxlaq və danışıq baxımından Allahın Rəsuluna ən çox oxşayan” (2) bir cavan haradadır?!
    Üzlərə axan göz yaşı
    Bu rəvayətin sənədi səhihdir, yəni fəqahətdən dəm vuran hər kəs yox, Şeyx Ənsari kimi insanlar ehtiyat əsasında olan məsələlərdə ehtiyatın ilkinliyindən əl çəkərək bu hədisin sənədi əsasında fətva verir. Rəvayətin sənədi belədir:
    Atam (yəni Əli ibni İbrahim), İbrahim ibni Haşimdən, o da İbni Məhbubdan, o da Əla ibni Rəzindən, o da Məhəmməd ibni Müslimdən. Bunun sənədləri fəqih üçün qovğadır, onda icma səhabələrindən iki nəfər vardır, səhihliyin son dərəcəsindədir. Hədisin mətni belədir:
    Əbu Cəfər (əleyhissalam) buyurur ki, Əli ibni Hüseyn (əleyhissalam) buyurardı:
    عَنْ أَبِي جَعْفَرٍ(ع) قَالَ كَانَ عَلِيُّ بْنُ الْحُسَيْنِ(ع) يَقُولُ‏ أَيُّمَا مُؤْمِنٍ دَمَعَتْ‏ عَيْنَاهُ‏ لِقَتْلِ‏ الْحُسَيْنِ‏ بْنِ عَلِيٍّ دَمْعَةً حَتَّى تَسِيلَ عَلَى خَدِّهِ بَوَّأَهُ اللَّهُ فِي الْجَنَّةِ غُرَفاً يَسْكُنُهَا أَحْقَاباً
    “Hər bir möminin gözləri Hüseyn ibni Əlinin qətlinə görə bir damcı yaş axıtsa və göz yaşları üzünə axsa, Allahın Özü – nəinki Cəbrəil və ya Mikail – ona mənzil verəcəkdir.” Harada? “Cənnətdə yer verəcəkdir ki, orada uzun illər məskunlaşsın.” (3)
    Əgər onun şəhadətində mömin şəxsin gözündən bir damcı yaş çıxsa, onun savabı budur. Bu necə bir məqamdır?
    Göz yaşının fəzilətini inkar edənlər “Kövsər” hovuzundan məhrumdurlar
    Böyük və dahi alim mərhum Əllamə Məclisi böyük şəxsiyyətli alimlərin bəzisindən belə nəql edir: Biz İmam Riza (əleyhissalam)-ın hərəminin yanında idik. Aşura günü bir neçə nəfər bir yerə yığışdıq və məqtəl oxumağa başladıq. – Yaxşı-yaxşı qulaq asın, bu cəfəngiyatları camaat arasından yığışdırın! – Sənədi səhih olan bu rəvayətə gəlib çıxdıq. O məqtəldə deyilirdi: “Əgər Seyyidüş-şühəda (əleyhissalam)-a matəmdə bir şəxsin gözü milçəyin qanadı qədər islansa, onun bütün günahları bağışlanar, وَ لَوْ كَانَتْ‏ مِثْلَ‏ زَبَدِ الْبَحْر hətta (günahları) dəryaların köpüyü qədər olsa belə.” (4) Əllamə Məclisinin təbiri belədir: Bizimlə olanlardan biri alimlik iddiası etsə də, mürəkkəb cəhalətdə idi – belə adamların oxşarı hazırda çoxdur – o, başını qaldırıb bu hədisi inkar etdi və dedi: “Bu hədis əql ilə uyğun gəlmir!” Məclisdəki alimlər onunla mübahisə apardılar, lakin o, qane olmadı. Sonra məclis dağılışdı. Hədisi inkar edən şəxs həmin gecə evinə gedib yatır, yuxuda görür ki, Qiyamət başlanıb, eynilə ayə və rəvayətlərdə deyilən dəhşət və qovğa ilə. Bu zaman özündə şiddətli susuzluq hiss etdi, sonra baxanda gördü ki, bir hovuz vardır, nə əvvəli görünür, nə də axırı. Başa düşdü ki, bu hovuz “Kövsər” hovuzudur. Susuzluqdan hovuza pənah apardı. Gördü ki, onun yanında qara paltar geymiş üç nəfər vardır: ikisi kişidir, biri qadın. Soruşdu ki, bunlar kimdir? Dedilər ki, onun biri Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih), qara paltar geyən ikinci kişi Əmirəl-möminin Əli (əleyhissalam), o qara paltarlı qadın isə Fatimeyi-Zəhra (əleyha salam)-dır.
    Höcət bu cür tamam olur. Soruşdu: Nə üçün bunlar qara geymişlər? Dedilər: “Məgər bilmirsən ki, Hüseynin Aşurasıdır?!” Özü gəlib yaxınlaşdı, dünya xanımından istədi ki, ona bir içim su versin. Həzrət Fatimeyi-Zəhra (əleyha salam) ona baxıb buyurdu: “Sən həmin kəssən ki, qəlbimin meyvəsinin müsibətində ağlayanların əcr və savabını inkar edirsən?!” Əllamə Məclisi buyurur: Bu kişi vahiməli şəkildə yuxudan oyandı, qaça-qaça gəlib o alimləri tapdı, dedi: “Mənim üçün istiğfar edin ki, Allah məni bağışlasın.”
    Ya Əba Əbdillah! Sən nə etdin? Səkkizinci İmamın bəyanı budur: “Həqiqətən, Hüseyn (əleyhissalam)-ın günü (müsibəti) bizim göz qapaqlarımızı (ağlamaqdan) yaraladı.” (5)
    Bəzən bir nəfər ağlayır, sadəcə gözləri qızarır. Amma səkkizinci İmamın gözlərinin qapaqları (ağlamağın şiddətindən) yara bağlayır. Nə üçün? Deyiləsi mümkün deyildir. Müsibəti bəyan etmək olmur.
    İnna lillahi və inna iləyhi raciun.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə