Çox mühüm məsələ təbliğin nə olduğunu, bu iş üçün hansı şərtlərin lazım və hansı
Çox mühüm məsələ təbliğin nə olduğunu, bu iş üçün hansı şərtlərin lazım və hansı vəzifələrin həyata keçməli olduğunu başa düşməkdir. Əfsus ki, biz Quranı başa düşmədik! Quranda bir ayə vardır:
ما عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاغ
“Peyğəmbərin öhdəsinə (ilahi) vəzifəsini çatdırmaqdan başqa bir şey yoxdur.”
İmkan aləminin birinci şəxsiyyəti, bütün peyğəmbərlərin və mürsəllərin (əleyhmuissalam) İmamı olan bir şəxs üçün Allah tərəfindən təyin edilən vəzifə – dinin təbliğidir. Siz bilməlisiniz ki, bu iş necə bir işdir, kimlərin işi olmuşdur, hansı şərtləri həyata keçirmək lazımdır? Amma bu məsələlərin dərk edilib düşünülməsi çox-çox çətindir. Nə lazımdırsa, hamısı rəvayətlərdədir. Rəvayətlər nə qədər çox deyilsə də, yenə də yeni-yeni mətləblər əldə olunur.
Təqva və niyyətin saflaşdırılması
Birinci şərti təqvadır. Yol Allah yoludur, Subbuh və Quddusun yoludur. Məqam da nübüvvət və imamət məqamıdır, ora “mütləq (hər bir cəhətdən) ismət (paklıq)” məqamıdır. Bir şəxs peyğəmbərlərin işi və Allahın razılığına səbəb olan bir işi görmək istəsə, istər-istəməz onun birinci şərti tənasübdür. Gördüyünüz bu şüşə nə qədər ki, daşdan ayrılmayıb və saflaşdırılmayıb, işığı (elektrik cərəyanını) qəbul edə bilməz. Bu işıq bu Hüseyniyyənin hər yerində vardır, lakin o saflaşdırılmış şüşələr (lampalar) elektrik mənbəyinə qoşularaq işıq qəbul edə bilər.
Nəticə: Başa düşməliyik ki, (ruhumuz) saflaşdırılmadan Allahın feyz nurunun qəbul edilməsi mümkün deyildir. Birinci şərt təqva və xalis niyyətin olmasıdır.
Seyyidüş-şühəda (əleyhissalam) qəlbinin qanını hədiyyə edir
Bundan sonra görməliyik ki, bu günlər necə günlərdir, kimə aiddir? Bunun etdiyi iş nə idi, nə üçün o işi gördü?! Bu məsələlər barəsində dərindən düşünmək lazımdır.
مَنْ كَانَ فِينَا بَاذِلًا مُهْجَتَهُ مُوَطِّناً عَلَى لِقَائِنَا[لِقَاءِ اللَّهِ] نَفْسَهُ فَلْيَرْحَلْ مَعَنَا
“Hər kəs bizimlə birlikdə qəlbinin qanını hədiyyə etməyə, bizimlə görüşə (Allah görüşünə) hazırdırsa, onda bizimlə birlikdə səfərə hazırlaşsın.”
Həzrətin buyurduğu bu cümlə elm dünyasını silkələyib lərzəyə saldı. Hər kəs bizim dərgahımıza layiq deyildir. Həzrət “Bizim yolumuzda” deyil, “Fina” – bizimlə birlikdə buyurdu. Bunların hamısında incə məsələlər vardır:
مَنْ كَانَ فِينَا بَاذِلًا مُهْجَتَهُ Hər kəs bizimlə birlikdə qəlbinin qanını hədiyyə etməyə,
مُوَطِّناً عَلَى لِقَاءِ اللَّهِ نَفْسَهُ öz nəfsini (canını) Allaha görüş yolunda hazırlamış olsa,
فَلْيَرْحَلْ مَعَنَا bizimlə birlikdə səfər etsin. Hər kəs bu qapıya layiq deyildir.
Seyyidüş-şühəda (əleyhissalam)-ın qara qulamı
Necə bir səadət qazanıbdır? Hansı məqama çatıbdır? İnsanın əqli heyrətdən donub qalır! Elə bir məqama çatdılar ki, əvvəldən-axıra qədər heç bir kəs onların tozuna çata bilməz. 124 min peyğəmbərin (əleyhmuissalam) hamısı o qara qulamın müqabilində dayanıb deyirlər:
السَّلامُ عَلَيْكُمْ يا أوْلِياء اللّه وَ أَحِبّائهُ السَّلامُ عَلَيْكُمْ يا أنْصارَ دِينِ اللّهِ
“Salam olsun sizə, ey Allahın dostları, Onun sevimliləri! Salam olsun sizə, ey Allah dininin köməkçiləri!”
Qara dərili bir qulam belə bir məqama nail oldu. O təqva və fədakarlıq hasil olan zaman qara bir qulamın işi bura çatdı. O, həzrət İmam Hüseyn (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Ey Allah Rəsulunun oğlu, icazə ver... Onun danışıq tərzi əqli heyran qoyur! Mənim dərim qaradır, bədənimdən pis iy gəlir. Bütün bunlarla belə məni qəbul edirsənmi?!”
Həzrət onun başının üstünə gələndə belə dua etdi:
اللَّهُمَّ بَيِّضْ وَجْهَهُ وَ طَيِّبْ رِيحَهُ
“Pərvərdigara! Onun üzünü ağart, bədənini ətirli et!” O, şəhid edildikdən on gün sonra cənazəsi tapıldı: üzü on dörd gecəlik ay kimi nurani olmuşdu.
Seyyidüş-şühəda (əleyhissalam)-ın səhabələrinə tabe olmaq
Bu cür gedib belə məqama nail olmaq indiki dövrdə də müyəssər ola bilər. Çünki Allahın feyzi heç vaxt kəsilmir və elə bir iş görmək olar ki, (heç olmazsa) onların tozuna çataq. Onlarla bir səviyyə də olmasaq belə, aşağısı onlara tabe ola bilərik. Yol budur.
Allahı məxluqlara sevdirmək, məxluqu Allah dərgahında sevimli etmək
Dördüncü İmam (əleyhissalam)-ın bir bəyanı vardır, mən hər vaxt bu rəvayətə nəzər salanda görürəm ki, bütün incəliklər və mühüm məsələlər bu bir neçə sətirdə cəm olmuşdur. Amma bu rəvayətin şərhinə hələ də fürsət olmamışdır. İnşallah, imkan olsa, “Ə`zəm” məscidində deyəcəyəm. Bu rəvayətdə bir mübəlliğin bütün vəzifələri bəyan edilmişdir.
İmam Həsən Əskəri (əleyhissalam) bu rəvayəti İmam Zeynul-Abidin Əli ibni Hüseyn (əleyhissalam)-dan nəql edir. Bu cümlələrdə yaxşı-yaxşı fikirləşin. Musa ibni İmran (əleyhissalam)-a belə xitab gəldi...
Əvvəla, görəsən danışan kimdir? Dinləyən kimdir? Danışan Allahdır, dinləyən isə Allahın Kəlimidir:
وَ نادَيْناهُ مِنْ جانِبِ الطُّورِ الْأَيْمَنِ وَ قَرَّبْناهُ نَجِيًّا
“Biz onu Tur dağının sağ tərəfindən nida etdik və onu yaxınlaşdırdıq ki, ona sirr deyək.”
Həzrət Musa (əleyhissalam) peyğəmbərlərin ağası olan şəxslərdən – gövhərlərdən biridir. Peyğəmbərlərin ağası və seyidi beş nəfərdir. O seyidlərin də ağası və seyidi həzrət Xatəm (səlləllahu əleyhi və alih)-dir.
Peyğəmbərlərin ağası beş nəfərdir ki, onların biri Musa ibni İmrandır. Allah tərəfindən ona belə nida gəldi:
حَبِّبْنِي إِلَى خَلْقِي وَ حَبِّبْ خَلْقِي إِلَيّ
“Ey Musa! Məni bəndələrimə sevdir, bəndələrimi Mənə sevimli et.”
Sizin bütün vəzifələriniz bu bir neçə cümlədə bəyan olunmuşdur. Yol budur. Qəzet oxumağın camaata heç bir müsbət təsiri yoxdur. Gərək göstərişin nə olduğunu bilək.
Allah buyurdu: Ey Musa! Elə bir iş gör ki, bəndələrim Mənimlə dost olsunlar, Mən də bəndələrimə sevimli olum. Ümumiyyətlə, bu təbir insanın əqlini heyran qoyur. Musa (əleyhissalam) belə bir xitabı eşitməlidir. Kəlimullah heyrətə düşdü: bu neçə işdir ki, mən Allahı bu bəndələrə sevimli edim və bu məxluqları Allaha sevdirim? Bu cümlənin şərhini soruşduqda xitab gəldi: “Məni bəndələrimə sevdir” – bunun yolu odur ki, zahiri və batini nemətlərimi camaata şərh və bəyan edəsən.
Minbərə çıxdığınız zaman camaata başa salın ki, Allah onlara qarşı necə mərhəmət göstərmişdir. Bu halda birinci cümlə həyata keçəcək: Allahı bəndələrə sevimli edin. Camaata başa salın ki, bizim əvvəlimiz nə idi? Fəzilətlilərin ən fəzilətlisi, alimlərin ən biliklisi əvvəldən nə idi? Üfunətli bir nütfə idi. Kim bu qanundan müstəsnadır? Əgər o nütfə insanın üstünə tökülsəydi, yuyulub çalaya tökülməli idi. Kim o nütfəni belə (gözəl) surətə saldı?!
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظاماً فَكَسَوْنَا الْعِظامَ لَحْماً ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ فَتَبارَكَ اللَّهُ أَحْسَنُ الْخالِقين
“Sonra o nütfədən laxta qan xəlq etdik, o laxta qandan bir parça ət, o ətdən sümüklər xəlq etdik, sümükləri ətlə örtdük və ona (əvvəlki xilqətlərdən tam fərqli olan) digər bir xilqət verdik. Xəlq edənlərin ən yaxşısı olan Allah təzimə layiqdir.”
İnsanın xilqət mərhələləri və onların sirləri
ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ
“Ona (əvvəlki xilqətlərdən tam fərqli olan) digər bir xilqət verdik.”
Quranın bəyan etdiyi kimi, mətləbin seyri belədir:
فَلْيَنْظُرِ الْإِنْسانُ مِمَّ خُلِقَ
“İnsan gərək nədən xəlq olunduğuna baxsın.” Bu, Allahın kəlamıdır.
خُلِقَ مِنْ ماءٍ دافِقٍ
“O, atıcı sudan xəlq edilmişdir ki,
يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَ التَّرائِب
“Atanın sülbü və ananın sinəsinin arasından çıxır.”
إِنَّا خَلَقْنَا الْإِنْسانَ مِنْ نُطْفَةٍ أَمْشاجٍ نَبْتَليهِ فَجَعَلْناهُ سَميعاً بَصيراً
“Biz insanı qarışıq nütfədən xəlq etdik ki, onu imtahan edək. Onu eşidən və görən qərar verdik.”
Bu nütfədən nə atanın xəbəri var idi, nə də ananın. Ona ana bətnində – qarnın, uşaqlığın və bətnin qaranlığında surət verdi. Neçə min ildir ki, bəşər insan orqanizmini araşdırır, hələ də bu dərinin sirlərində heyrətdən donub qalmışdır. Təkcə dərinin sirləri deyil, hətta tükün bir kökünün – soğancığının sirlərində belə, heyran qalıb. Çünki bədəndəki hər bir tük bir soğancıqdan cücərir. O soğancığı bu dəridə necə əkmişdir? Tük o soğancıqdan necə əmələ gəlib çıxır? Bu tükün rənglərində nə qədər sirlər vardır? Altıncı İmam (əleyhissalam) insanın saçının rənginin sirlərindən birini Cabir ibni Həyyana öyrətdi, Cabir ən böyük iksiri əldə etdi. Bu, insanın bir tükünün sirridir, o ki, qaldı onun beynindəki sirlərə: hifz etmə, düşünmə və yadda saxlama qüvvəsinin sirlərinə; insan bu kəlmələri necə zehnində hazır edir və bir-birinə qoşaraq cümlə düzəldir? Əgər beyindəki bir damar titrəsə, onların hamısı məhv olar.
“Ey Musa! Məni bəndələrimin nəzərində sevimli et.” Təbliğdə sizin ən böyük vəzifəniz budur ki, Allahın nemətlərini camaata şərh edəsiniz, başa düşsünlər ki, mütəal Allah kainatda və insanın daxilində necə işlər görmüşdür?!
سَنُريهِمْ آياتِنا فِي الْآفاقِ وَ في أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ
“Tezliklə kainatda və onların öz nəfslərində olan ayələrimizi onlara göstərəcəyik ki, Onun haqq olması onlara aşkar olsun.”
Əfsus ki, Quran məhcurdur – “onlar Quranı tərk etdilər”. Bu sənin birinci işindir. İkinci işin budur: Elə bir iş görəsən ki, bəndələrim Mənim üçün sevimli olsunlar.
Dedi: “Pərvərdigara, nə edim?” Buyurdu: “Gərək iki iş görəsən: öz Mövlasından qaçaq düşmüş qulu qaytarasan, onu Mövlası ilə barışdırsan və yolunu itirmiş bir şəxsi hidayət edəsən.” Musa yenidən soruşdu: “Bu iki sözün mənası nədir?” Cavab gəldi: “Qaçaq düşmüş qul o günahkar şəxsdir ki, Bizdən üz döndərmişdir. Elə bir iş gör ki, o Bizim dərgahımıza qayıtsın.”
Soruşdu: “O yolunu azmış şəxs kimdir ki, onu hidayət etməliyəm?” Xitab gəldi: “O həmin şəxsdir ki, zəmanəsinin İmamını (əleyhissalam) tanımamışdır, onu zəmanəsinin İmamı ilə tanış et.”
Bu, təbliğ səfərində sizin vəzifənizdir: Allahı camaata sevdirin, camaatı Allahın yanında sevimli edin. Bu iki kəlmə. Azmış şəxsi, yəni həzrət Vəliyyi-Əsr İmam Zaman (əleyhissalam)-ı itirən bir şəxsi o həzrətlə tanış edəsən. Yol budur. Bu yolda deyilən təqva və belə pak niyyət ilə qədəm götürün, hər bir qədəmdə fikirləşin.
Kərbəla karvanı və tövhid ağacının suvarılması
Mədinədən hərəkətə başlayan və hələ yolda olan o karvan bir neçə gündən sonra Kərbəlaya çatacaqdır. Bunlar kim idilər, nə etdilər? Özlərinin həyat sularını Allahın tövhid ağacının dibinə töküb onu suvardılar:
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُها ثابِتٌ وَ فَرْعُها فِي السَّماءِ
“Görmürsən ki, Allah necə məsəl çəkir: pak-pakizə kəlam pak-pakizə ağac kimidir ki, kökü sabitdir, budaqları isə asimandadır.”
Tövhid və məad Seyyidüş-şühəda (əleyhissalam)-ın qanının bərəkəti sayəsindədir
Əgər o gün o həzrətin qanı olmasaydı, indi yer üzündə “La ilahə illəllah” kəlməsindən əsər-əlamət olmazdı. Nə qədər namaz və oruc varsa, nə qədər tövhid və məad (etiqadı) varsa, hamısı onun qanının bərəkəti sayəsindədir. Sizin vəzifəniz budur.
Yüz illik namaz və orucdan üstün olan ibadət
Bu iş üçün təyin olunan savab barədə isə... Xitab gəldi: “Ey Musa! Əgər bu iki işi görsən, yəni qaçaq düşmüş qulu Bizim dərgahımıza qaytarsan, namazını tərk edən bir şəxsi namaza qaytarsan, günaha qurşanmış bir şəxsi tövbələtsən, zəmanəsinin İmamını tanımayan bir şəxsi İmamla tanış etsən, sənin üçün yüz illik ibadətdən üstündür, belə ki, bütün günlərini oruc tutub gecələrini sübhə kimi namaz qılmış olasan. İndi bu səfərdə necə bir ticarət edirsən? Bu şərtlə ki, başa düşəsən və şərtlərinə əməl edəsən. Yolu nədir? Nə etmək lazımdır?
Yolu budur ki, Allahın göstəriş verdiyi kimi, camaatı əvvəlcə Allah ilə tanış edəsən, sonra İmam Zaman (əleyhissalam) ilə. Əsas məsələ də bu iki kəlmədir: Allah və İmam Zaman (əleyhissalam). Çünki hər nə varsa, Allah tərəfindəndir, özü də İmam Zaman (əleyhissalam)-ı bərəkəti ilədir. Camaat gərək bu iki kəlmə əsasında tərbiyə edilsinlər.
“Fərəc” duası və “Ali-Yasin” ziyarəti
Hər məclisi başlayanda əvvəlcə İmam Zaman (əleyhissalam) üçün dua edin:
اللَّهُمَّ كُنْ لِوَلِيِّكَ الحُجَّةِ بْنِ الْحَسَن
“Əllahummə kun livəliyyikəl-Höccət ibnil-Həsən...”
Göstəriş verin, məclis bərqərar olunan zaman “Ali-Yasin” ziyarəti mütləq oxunsun. O ziyarətin təsiri budur ki, oxunanda həzrət məclisə nəzər salır. O nəzər saldığı zaman həm sənin sözün təsir qoyur, həm də dinləyicilərin qəlbi təsirlənir. Məclis “Səlamun əla Ali-Yasin” ziyarəti ilə başlansın.
Səyyar təbib
Çalışın hər yerdə olsanız, minbərə çıxmaq vaxtı çatana qədər bekar dayanıb gözləməyin ki, camaat sizin ardınızca gəlsin; əksinə “səyyar təbib” – müxtəlif məntəqələri gəzib xəstələri tapan və onları müalicə edən bir təbib kimi olun.
Əgər hər bir xəstəni müalicə etsəniz; məsələn, məktəblərə gedin, təzə həddi-buluğa çatan cavanların və yeniyetmələrin üzünə mərifət qapısı açın, Əhli-beyt (əleyhmuissalam)-ın fəzilətini deyin, onların qəlbini din imamlarının vilayət nuru ilə nurani edin; bu halda sizin mükafat və savabınız vəsfəsığmaz qədərdir. Yəni əgər məsum imamları (əleyhmuissalam) camaata tanıtsanız, hər hansı dini bir məsələni onlara başa salsanız, bu iş sizin üçün “üzərinə günəş saçan hər bir şeydən yaxşıdır.” Bu, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in Əmirəl-möminin Əli (əleyhissalam)-a olan sözüdür: “Ya Əli! Əgər Allah sənin bərəkətinlə bir nəfəri zəlalətdən çıxarıb hidayətə çatdırsa, sənin üçün üzərinə günəş saçan hər bir şeydən yaxşıdır.”
Bu günəş yarandığı zamandan etibarən sönüb aradan gedəcəyi zamana qədər; Allahdan və xilqətə şahid tutulan şəxslərdən – on dörd məsumdan – başqa nə bir kəs onun nə vaxt xəlq edildiyini bilir, nə də axırını. Bir şəri məsələni öyrətmək, İmamın bir fəzilətini demək və onu insanların qəlbinə yeritmək, sənin üçün xilqətinin əvvəlindən axırına qədər bu günəşin nur saçdığı şeylərdən daha üstündür.
Quranı xətm edib İmam Zaman (əleyhissalam)-a hədiyyə etmək
Bu bir neçə günlük təbliğ səfərində bu ticarət sizə nəsib olmuşdur, bu şərtlə ki, qədrini biləsiniz. Əvvəlcədən də yol bu olmuşdur. Bu gecə başlayın və bir gün olsa belə, tərk etməyin. Bütün il boyu bacardığınız qədər Quran oxuyun və İmam Zaman (əleyhissalam)-a hədiyyə edin ki, bu yolla onun mərhəmətinə və inayətinə nail olasınız.
İmkan aləmi İmam Zaman (əleyhissalam)-ın başına fırlanır
Əgər o həzrət bir dəfə nəzər salsa, bir aləmi tamamilə dəyişdirər. Kim onu tanıdı? Nə bir kəs onun özünü tanıdı, nə də bir kəs onun kim olduğunu, necə məqam sahibi olduğunu başa düşdü.
Təkcə bu günəş sistemi deyil, bütünlükdə vücud aləmi onun başına fırlanır.(1) Bir ömür təhsil aldıq, amma bu cümlələri nə vaxt başa düşdük: “Yalnız onun bərəkətinə məxluqata ruzi verilir, yalnız onun vücud səbəbi ilə yer və səma sabit qalır”?
Bütün aləmlər Vəliyyi-Əsr (əleyhissalam)-ın vücudu xatirinə sabit qalır
Bütün vücud aləmlərinin sabitliyi və qalması onun vücuduna bağlıdır. Ruhun bu bədənə əlaqəsi necədir? Ruhun bədənə olan əlaqəsi kimi bir əlaqəyə, həzrət Vəliyyi-Əsr (əleyhissalam) bütün imkan aləmi üzərində malikdir. Çalışın elə bir iş görün ki, onun razılığını qazana biləsiniz. Yolu da budur: Onun inayəti və mərhəməti – onun yetimlərinə baş çəkməklədir. Ali-Məhəmmədin yetimləri həmin kəslərdir ki, siz onların məntəqələrinə səfər edirsiniz.
İstedadlı olanlara təlim vermək və camaatı Əhli-beyt (əleyhmuissalam) ilə tanış etmək
Diqqət yetirməli olduğunuz digər məsələ budur ki, hər yerə getsəniz, istedadlı insanları tapın və onlar üçün dərs qoyun. Qadınlar qadınlar üçün, kişilər kişilər üçün tədris etsinlər. Din hökmlərini onlara öyrədin ki, siz qayıdandan sonra yenə də sizin əməl dəftərinizə həsənələr yazılsın. Əgər o şəxs sizdən öyrəndiyi şəri məsələləri camaata öyrətsə, hər dəfə həm onun üçün savab yazılır, həm də sizin üçün. Məktəblərə mütləq baş vurun. Ruhları hazır olan bu cavanları və yeniyetmələri Allah və din İmamları ilə tanış edin.
Orada olduğunuz bir neçə gecədə elə bir iş görün ki, ordan qayıtdığınız zaman camaat İmam Həsən Əskəri (əleyhissalam)-ı tanısınlar(2), İmam Əliyən-Nəqi (əleyhissalam)-ı tanısınlar.(3) Hər məclisdə İmamlardan biri barəsində məlumat verin, onların möcüzələrini bəyan edin, o həzrətin əxlaq və ədəb qaydaları ilə əlaqədar olan rəvayətlərini camaata oxuyun.
Seyyidüş-şühəda (əleyhissalam)-a axıdılan göz yaşında şübhə
Lazım olan digər məsələ hazırda çox hallanan bu sözləri irəli çəkmək və onları cavablandırmaqdır: İmamlara ağlamaq, növhə demək, sinə vurmaq(4) kimi məsələlər barəsində münaqişə və şəkk-şübhə yaratmaq Allahın qəzəbinin ən böyük əlamətidir. Bu ölkəni hər növ bəladan qoruyub saxlayan yalnız Aşura və Fatimiyyə günləridir. Bu iki gün ölkəni bəladan saxlayır. Bu hadisənin dərin kökləri vardır və müfəssəl bir hadisədir.
İmam Zaman (əleyhissalam) ilə əlaqədə olan şəxslərdən birinin hekayəsi
Biz mərhum Mirzanın dərsinə getdiyimiz zaman dərsdə Şeyx Həsənxani adlı bir nəfər də var idi. Mərhum Hacı Şeyx Əli Əkbər Novğani bu hadisəni mənə demişdi. Hadisə müfəssəldir və hamısını deməyə imkan yoxdur. Xülasəsi belədir:
O dövrdə – Rzaxanın gəlişindən qabaq ruslar İrana gəlmişdilər. O, ruslarla mübarizə aparmaq üçün hazırlanmış orduda həkim işləyirdi. O deyirdi: Bir gün öz poliklinikamda oturmuşdum, əsgərləri müalicə edirdim. Bir əsgər gəldi, başqa əsgərlərdən tam fərqli idi. Baxanda gördüm ki, səcdənin təsirindən alnı pinə bağlamışdır. Zahiri quruluşu adi əsgərlər kimi deyildi. O dedi: “Mənə güllə dəyib, gəlmişəm ki, onu çıxarasınız.” Mən dedim: “Bu iş sadə bir iş deyildir ki! Onu çıxartmaq üçün əvvəlcə sənin bədənini keyləşdirməliyik, sonra yarıb gülləni çıxartmalıyıq.” Dedi: “Bu işlər lazım deyildir, mən özüm özümü bihuş edib keyləşdirəcəyəm, sonra da özüm özümü ayıldacağam.”
Biz heyrətdən donub qaldıq, çarpayının üstündə uzandı, tavana bir nəzər saldı, belə dediyini eşitdik: “Bismillahi Nur, Bismillahi nurin-nur, Bismillahi nurun əla nur...” Davamını astadan dedi, biz nə dediyini başa düşmədik.
Bədəninə baxanda gördük ki, sanki onda ruh yoxdur, taxta kimi qurumuşdur. Cərrahiyyə əməliyyatını başlayıb gülləni çıxartdıq, yerini tikdik. Sonra kənara çəkildik. Birdən o gözlərini açdı, həmin kəlmələri dedi və qalxıb oturdu. Biz heyrətdə qaldıq ki, görəsən bu kimdir? Soruşduq: “Sən kimsən? Haralısan?” Dedi: “Adım Hüseyndir, özüm də Savucbulaqdanam.” Soruşduq ki, hansı məzhəbdəsən? Dedi ki, hənəfi. Sonralar başa düşdük ki, hənəfi dedikdə məqsədi “İbrahimin hənif dini”ni nəzərdə tutur.
O getdi, iki-üç gündən sonra gəlib müraciət etdi. Yarasının üstünü açdıq, soruşduq: “Sən nəçisən? Şübhəsiz ki, sadə əsgər deyilsən! Bizim üçün müəmmadır.” Mənim dilimdən çıxdı və dedim: “Siz İmam Zaman (əleyhissalam)-ın əsgərlərindənsiniz!” Bu sözü eşidən kimi bədəni titrəməyə başladı, dedi: “Bu nə qələtdir ki, edirsiniz?! Biz hara, o hara?! O elə bir kəsdir ki, yalnız yeddi nəfər onu görə bilər. Biz isə o yeddi nəfərlə əlaqədəyik.” Şahid – bu sözdür.
Hadisə müfəssəldir. Dedi ki, biz o yeddi nəfərlə əlaqə yaradırıq, mən bu məntəqənin məmuruyam. Sonra dedik ki, nə üçün İmam Zaman (əleyhissalam) bu ölkəyə nəzər yetirmir? Axı bu camaat rusların əlində bu qədər giriftar qalmışlar?! Dedi: “İmam Zaman (əleyhissalam) bu ölkədən çox da razı deyildir.” Özü də elə bir dövrdə. İndi görəsən necə olar?! Sonra dedi: “O həzrətin inayəti yalnız Aşuraya görədir.” Aşura budur!
Çalışın camaatı Aşuranın və əzadarlığın əzəməti ilə tanış edəsiniz.(5) Camaata başa salın ki, hadisə necə bir hadisə idi: Həzrət Hüseyn ibni Əli (əleyhissalam) üçün “... görünənlər və görünməyənlər hamısı ağladı.” İmam Zaman (əleyhissalam)-ın mərhəmətli nəzəri yalnız bu günün bərəkətinə görədir. Aşuranın əzəmətini camaata başa salın.
Dedim ki, siz əlaqədə olduğunuz şəxslərin vasitəsi ilə o həzrətdən xahiş edin, bu çətinliyi həll etsin. Dedi: “Bunu həll etməyə ki, İmam Zaman lazım deyil!” Yerindən hərəkət etdi və (rusları nəzərdə tutub) ucadan dedi: “Gedin!” Bu kəlməni günortadan qabaq dedi. Axşam çağı gördük ki, rusların ordusunda həyəcan yaranıb, hamı ora-bura qaçır, vəsaitlərini toplayır. Nə olduğunu soruşduqda dedilər ki, çardan teleqraf gəlib ki, təcili hərəkət edək. İmam Zaman (əleyhissalam)-la əlaqəsi olan o yeddi nəfərlə əlaqəli olan bir nəfərin sadəcə bir nəfəsinin təsiri belə təlatüm yaradır!
Quranı və xüsusilə “Tövhid” surəsini oxuyub İmam Zaman (əleyhissalam)-a hədiyyə etmək
Bunları camaata yaxşı-yaxşı başa salın. İnşallah, hamınız bu yolu davam etdirin, heç vaxt Quranı tərk etməyin, oxuyun və o həzrətə hədiyyə edin. Hər yerə getsəniz, savadı olanlara bu tövsiyəni edin, savadı az olanlar isə “Tövhid” surəsini təkrar oxusunlar və onu İmam Zaman (əleyhissalam)-a hədiyyə etsinlər. Bu yolla onun mərhəmətli nəzərləri inşallah, həm sizə, həm də dinləyicilərə şamil olacaqdır.