Şiə əqidələrinin sərhədlərini qoruyanlar
Aşura hadisəsi qarşıdadır. Bu dövrdə fitnələr artmış, şeytanlar tərəfindən etiqad üsullarımıza və dini əsaslarımıza qarşı vəsvəsələr və şübhələr çoxalmışdır. Bizim ayrı-ayrılıqda hər birimizin öhdəsinə ağır məsuliyyət və vəzifə düşür. Bəzilərinin üzrlü səbəbləri vardır; onlar üçün güzəştə gedilir, amma heç bir üzrü olmayanlar gərək bu fürsətləri qənimət sayaraq, məhərrəm ongünlüyündə mümkün olan hər bir yolla o məntəqələrə getsinlər ki, o yerlərdə şiə əqidəsinin yolkəsənləri və oğruları sadəlövh insanların əqidələri ilə oynayırlar. Diqqət yetirməli¬siniz ki, bizim bugünkü vəzifəmiz məzhəbin sərhədlərini qoruyub-saxlamaqdır. Hər kəlamdan daha yaxşısı – elə din İmamlarının (əleyhimussalam) öz sözləridir:
عُلَمَاءُ شِيعَتِنَا مُرَابِطُونَ فِي الثَّغْرِ الَّذِي يَلِي إِبْلِيسُ وَ عَفَارِيتُهُ
“Bizim şiələrimizin alimləri elə sərhədləri qoruyanlardır ki, sərhədin o tərəfində İblis və onun qoşunu dayanır.” (1) İmam Sadiqin (Əleyhissalam) bu bəyanı – “kəlamınız nurdur” sözünün nümunəsi ünvanı ilə – sizin hamınızın həyat yolunu işıqlandıran ən yaxşı çıraqdır.
Dində cihad məsələsi çox mühümdür. Belə ki, fəqihlər onu iki fəslə ayırırlar: Bir fəsli “cihad”, digər fəsli isə “ribat” – sərhəd keşiyində durmaq. Qurandan götürülən “ribat” kəlməsi sünnü-şiələrin qeyd etdikləri sünnətdə və bütün firqələrin icmasında da mövcuddur. Fiqhi nəzərdən mürabitənin (sərhədin keşiyində durmaq) mərtəbəsi, cihaddan sonrakı səviyyədədir.
Cihadın əhəmiyyəti o qədərdir ki, əgər bir kəs cihad üçün yola düşsə, üç haldan birində olacaqdır: ya yol əsnasında öləcək, ya qətlə yetiriləcək və ya sağ-salamat evinə qayıdacaqdır. Əgər sağ-salamat qayıtsa, anadan doğulduğu gün kimi Allah tərəfindən bağışlanacaqdır. Əgər bu yolda (öz əcəli ilə) dünyadan getsə, aşağıdakı ayənin nümunəsi olacaqdır:
وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهِ وَ كَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
“Hər kəs Allaha və Rəsuluna doğru hicrət məqsədi ilə evindən çıxsa və (yol əsnasında) əcəl onu haqlasa, onun əcr və savabı Allahın öhdəsinədir, Allah bağışlayan və mehribandır.”
Əgər Allah yolunda qətlə yetirilsə, aşağıdakı şərif ayənin hökmünə əsasən, əbədi həyata nail olaraq, Allah yanında ruzidən bəhrələnəcəkdir:
وَ لَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ
“Allah yolunda qətlə yetirilənləri əsla ölü hesab etmə; əksinə, onlar diridirlər və Rəblərinin yanında ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və mərhəməti ilə onlara əta etdiyi şeylərdən şaddırlar.”
Bu, cihadın həddidir.
Ribat bəzi hallarda coğrafi sərhədləri deyil, əqidə hüdudlarını qoruyub-saxlamağa aid edilir. Bizim şiə alimlərimiz bu sərhədləri qoruyanlardır. Onların dindəki vəzifələri mücahidin müqabilində olan mürabitin (keşikçinin) vəzifəsidir. Amma nəyin sərhədlərini qoruyur? Ölkə sərhədlərini qoruyanlar kafirlərlə müsəlmanlar arasında olan sərhədi qoruyur. Yəni bir tərəfdə müsəlmanlar, digər tərəfdə isə müşriklər olan sərhəd nəzərdə tutulur. Amma alimlər elə sərhədləri qoruyurlar ki, onun bir tərəfində şiənin (əqidə cəhətindən) zəif şəxsləri, digər tərəfində isə İblis və ifritlər dayanır.
Əgər bir hədisin dirayəti (dərin mənası və məfhumu) məlum olsa, onun mərtəbəsi o qədər yüksəlir ki, minlərlə hədisi ancaq rəvayət etməkdən artıq olur. İmamın (Əleyhissalam) bəyanında elə incəliklər vardır ki, biz onların hamısını deyə bilmərik, lakin vəzifəmiz budur ki, bütün rəvayətlərin xülasəsi olan, dünya və axirət səadətinizə şamil olan şeyləri sizin üçün bəyan edək ki, sabah “nə üçün bunları demədin?!” deyə sorğu-suala tutulmayaq. Əgər bu gün burada olan hər bir şəxs öz həyat proqramını bu kəlamlar əsasında tənzim etsə, onda nə edəcəyini özü başa düşər. Onlar mətləbin şirinliyini burada dadırlar, onun nəticələrinin yeri isə bura deyildir. Amma bilin ki, bu səadət və xoşbəxtlik hər kəsə nəsib olmaz.
Əqidə keşiyində duran alimlərin paklığı
Əvvəlcə çalışın ki, təqvalı olasınız. Çünki Haqq-Taala çox yüksək əzəmət sahibidir və Onun hüzuruna nəcasətlə getmək olmaz:
لا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ
“Ona pak edilənlərdən başqası toxuna bilməz (yalnız pak edilənlər ona yol tapa bilər).” Bacardığınız qədər təqvalı olun ki, Allah sizi həzrət Vəliyyi-Əsrin (Əccələllahu təala fərəcəhuş-şərif) qeybdə olduğu hazırkı dövrdə məzhəbimizin əqidə sərhədlərini qorumaq paltarını geyməyə və bu sərhədləri qorumağa nail etsin. Mürabitin işi pusquda durub nəzarət etməkdir. Yəni diqqətlə baxmalı, İblis və ifritlərin hardan nüfuz etmək istədiyini təyin etməlidir ki, həmin yerləri bağlasın. Bu gün mənim və sizin ən mühüm və əsaslı vəzifəmiz budur.
Amma bu nəzarətin və keşik çəkməyin savabına gəldikdə isə, insanı heyrətə gətirən şey İmamın (Əleyhissalam) buyurduğu bu kəlamdır: “İblisin və ifritlərin bizim (əqidə cəhətindən) zəif olan şiələrimizin qəlbinə hakim kəsilməsinin qarşısını alan bu alimin savabı mücahidin savabından min-min qat artıqdır.”
Bu cəhətə israr etmək baxımından rəvayətlər həddindən artıq heyrətlidir. Bunun özü də göstərir ki, din imamları (əleyhimussalam) bilirdilər ki, elə bir dövr gələcəkdir ki, əsl təhlükə haqq şiə əqidəsinə doğru istiqamətlənəcəkdir. “Biharul-ənvar” və başqa kitablarda olan bu rəvayətlərə müraciət edin, lakin zahirini oxumaqla kifayətlənməyin, çalışın ki, onları düzgün şəkildə başa düşəsiniz. Hər yerdə bütün nəzər bu məsələyə istiqamətlənir ki, şiənin zəifləri İblisin ifritləri olan müxaliflərin və nasibilərin təhlükələrindən qorunub saxlansın. “İfritlər” ifadəsinin gətirilməsində də mühüm məsələ vardır; bu göstərir ki, qeybət dövründə ifrit qüvvələri şiələrin əqidələrinə nüfuz etmək üçün ciddi səy göstərəcəklər. İblisin özünün bütün ifritlərini toplayaraq zəif şiələrin qəlbinə nüfuz etmək istədiyi belə dövrdə bu haqq əqidə sərhədlərinin belə keşikçiləri olmalıdır ki, şiələri haqq əqidədə sabitqədəm saxlasınlar.
Haqq əqidə – Qəməri Bəni-Haşimin (Əleyhissalam) kəsik əllərinin mirasıdır!
Bu haqq əqidə – məhz bu yolda axıdılan pak qanların, bu yolda çəkilən çoxlu əzab-əziyyətlərin məhsuludur ki, onu bəyan etmək insanı taqətdən salır. Bilirsinizmi bu əqidənin qorunub saxlanması yolunda nə qədər ağır hadisələrə sinə gərmiş, əzab-əziyyətlərə qatlaşmışlar?! Çəkilən bu əzab-əziyyətlər müqabilində bizim vəzifə və məsuliyyətimiz nədir? Bilirsinizmi: Mütəvəkkil Abbasinin xilafəti dövründə Əli (Əleyhissalam) övladlarının vəziyyəti elə bir şəraitə düşdü ki, İmamın nəvələri, nəticələri, Əhli-beytin pak xanımları namaz vaxtı bir yerə yığışmaq məcburiyyətində idilər; çünki onların hamısı üçün bir ədəddən artıq paltar yox idi: biri namaz qılır, sonra libasını digərinə verirdi ki, o da libasda namaz qılsın.
Bu (haqq) məzhəb belə üzücü məşəqqətlər, əzab-əziyyətlər sayəsində qalmışdır. O gün ki, bizim hamımızdan hesab çəkəcəklər, yalnız Allah bizə rəhm etsin! Bu məzhəb Hüseyn ibni Əlinin (Əleyhissalam) qanının yadigarıdır, bu əqidələr Zeynəbi Kubranın (Əleyhassalam) pərişan və matəmli qəlbinin sayəsində qalmışdır. Bu əqidə Əbil-Fəzlil-Abbasın (Əleyhissalam) kəsilən qollarının mirasıdır. Hamı təhlükənin nə qədər böyük, məsuliyyətimizin nə qədər ağır olduğuna diqqət yetirməlidir. Nəticəsi nədir?
Təbliğ əhlinə ilahi təlqin
Siz bu məzhəbi təbliğ etmək üçün gedirsiniz. Səfərə hazırlaşdığınız vaxtdan bütün fikriniz-zikriniz və hümmətiniz bu olsun ki, bir qəlbi bu məzhəbdə qoruyub saxlayasınız. Əgər bir kimsənin qəlbi (əqidə cəhətindən) sarsıntıya düşübsə, onu (haqq əqidədə) sabitləşdirəsiniz. Əgər bir şübhə yaradılıbsa, onu dəf edəsiniz. Sizin savabınız səfərdən gətirdiyimiz bu dinar-dirhəm deyil, əksinə o savabdır ki, Əli (Əleyhissalam) onun barəsində buyurur: Əgər bir kəs mənim şiələrimdən (əqidə cəhətindən) zəif olan bir şəxsi gücləndirsə – hər yerdə bu kəlməyə israr edilir – dinində miskin, mərifətində zəif olan bir kəsi gücləndirsə, savabı nədir? Savabı budur ki, onu qəbrə qoyan zaman Allahın Özü ona təlqin verəcəkdir. Bundan da yüksək bir kəlmə ümumiyyətlə, təsəvvür oluna bilməz. Bütün dillərin tutulub lal olduğu belə bir vaxtda Allahın Özü sizə təlqin edəcəkdir. Yəni sizin hər hansı biriniz bu ongünlüyü (təbliğ üçün) səfərə getsəniz, Əmirəl-möminin Əlinin (Əleyhissalam) sizə vədəsi budur: Əgər dində miskin, mərifətdə zəif olan bir şəxsi gücləndirsəniz, onun qəlbini haqq dində sabitqədəm etsəniz, bu işin ilk təsiri budur ki, Allah qəbirdə bu kəlmələri sizə təlqin edəcək: De: “Allah mənim Rəbbimdir”. Allahın müqəddəs zatı “Allah mənim Rəbbimdir” kəlməsini sizə təlqin edəcəkdir. Həzrət sonra buyurdu: Allah o qəbiri vədəsi verilən ən pak və ən gözəl behiştə çevirəcəkdir. Bu, sizin əcr və muzdunuzdur. Bu məsələ təsəvvürün fövqündədir və bəyana sığmaz.
Siz gərək bu səfərdə bütün var-qüvvənizi din imamlarının kəlmələrini, Əhli-beytin (əleyhimussalam) fəzilətlərini yaymağa sərf edəsiniz. Bilin ki, qəlblərə təsir etməyin yeganə yolu yalnız budur, bundan başqa hər şey yanlış və səhvdir. Məzhəbin təbliğatını puça çıxarmayın, din imamlarının kəlmələrini (lazımsız şeylərlə) aludə edib qatmayın. Bütün hümmətiniz bu olsun ki, camaat üçün Quran və sünnəti, kitab və Əhli-beyti bəyan edəsiniz. Bu iki yoldan kənara çıxmayın. Bəşər sözlərini ilahi kəlamlara qarışdırmayın. Asimanı yerlə müqayisə etməyin, xəyali şeyləri həqiqətlərlə qarışdırmayın. Təbliğ və hidayət yolu yalnız budur. Məhz bu yolla qəlblərə təsir qoymaq olar.
Həzrət Vəliyyi-Əsrin (Əccələllahu təala fərəcəhuş-şərif) Aşuraya tam nəzər-diqqəti
Əgər bu işi görsəniz, ən yaxşı muzdunuz bu olacaqdır ki, qayıda¬sı¬nız və qayıtmağınız da İmam Zamanın (Əleyhissalam) razılığı ilə yanaşı olsun. Çün¬ki bu gün, şübhəsiz, İmam Zamanın (Əleyhissalam) bütün nəzəri Hüseyn (Əleyhissalam) Aşu¬ra¬sına yönəlmişdir. O həzrətin bütün diqqəti Aşuraya yönəlib. Bu, qə¬ti bir məsələdir və onda heç bir şəkk-şübhə yoxdur. Əgər Aşura var¬dır¬sa, o həzrətin nəzəri bu ölkənin üstündədir; əgər Aşuraya xələl yetiş¬sə, hər nə olsa və hər nə qalsa da, onun nəzərində əsla dəyəri yoxdur. Onun bütün nəzər-diqqəti Aşurayadır. Nə üçün? Sirri nədir? Bu məsə¬lə¬ni başa düşmək çox çətindir. Məzhəb maarifinin dəqiqliklərini dərk et¬mək oyun-oyuncaq deyildir. Nə üçün bütün nəzərlər Aşuraya təmər¬küz¬ləş¬mişdir? Sirri budur:
Kərbəla türbəti iksiri
Haris ibni Müğeyrə altıncı İmamın (Əleyhissalam) hüzuruna gəlib dedi: “Mən müxtəlif xəstəliklərə tutulmuşam, müalicə üçün istifadə etmədiyim bir dərman qalmayıb. İndi nə edim?” Həzrət ona buyurdu: “Şəfa – İmam Hüseynin (Əleyhissalam) türbətindədir.” İmam Hüseynin (Əleyhissalam) türbəti barəsində o həzrətin bəyanı budur: “Çünki onda külli (bütün, hər bir) dərddən-bəladan şəfa, hər bir qorxudan əmin-amanlıq vardır.” (1) Onun məzarının türbətinin xassəsi – “Hər bir dərddən şəfa” olmaqdır. Bu söz nə deməkdir? Elə bir kəsin kəlamıdır ki, bütün peyğəmbərlərin və mürsəllərin hamısının elmi ondan (aləmə) yayılmışdır. İmam Hüseynin (Əleyhissalam) türbəti təkcə cismi xəstəliklər üçün şəfa deyildir; əksinə, o pak türbət hər bir dərd üçün şəfadır.
İmam Hüseynin (Əleyhissalam) əzəmət və məqamı tanınmadı. Çünki hər qəlb onun mərifətini (qəbul və dərk etmək) üçün layiq deyildir. “Külli” kəlməsi ümumi məfhum üçün düzəldilmişdir. Bədənlərin təbabəti yox, ruhların və canların təbabətində ən yüksək dərəcədə dayanan bir şəxs “külli” kəlməsindən istifadə edərək buyurur: “külli dərdin şəfasıdır.” Bir sözlə, əgər başa düşsəniz, onun türbətindən öz üzünüzə bir elm qapısı aça bilərsiniz. Onun qəbrinin türbəti belə bir iksirdir. Təkcə cismin şəfası yox, həm də ruhun və fikrin dərdini-bəlasını aradan aparır. Bəşərin düçar olduğu ruhi və cismi xəstəliklərin hamısı onun qəbrinin torpağı ilə sağalır. “Və hər bir qorxudan əmin-amanlıqdır.” Necə qorxular onun qəbrinin torpağı ilə aradan gedir?!
Rəvayətləri dərin düşüncə və dəqiq təfəkkür ilə tədqiq edin. Hamınız bilirsiniz ki, meyiti dəfn edən zaman (müstəhəb) əməllərdən biri budur ki, onun cəsədinin yanına Hüseyn ibni Əlinin (Əleyhissalam) qəbrinin türbətindən bir az qoysunlar: (1) “Və hər bir qorxudan əmin-amanlıqdır.” Yəni bu türbət həm diri olan zaman, həm də öləndən sonra bütün qorxu və nigaranlıqdan əmin-amanlıq vasitəsidir.
Xatəm Peyğəmbər (Səlləllahu əleyhi və alih) Kərbəla türbətini Cəbrəildən alır...
O məzlum İmamın (Əleyhissalam) pak türbətinin torpağını götürməyin bir sıra ədəb qaydaları vardır (və onların hamısını deməyə) macal yoxdur. İxtisarla bunları deyirik: İmam (Əleyhissalam) hədisin davamında buyurur: Türbəti götürdüyün zaman de:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذِهِ الطِّينَةِ
“Əllahummə inni əs`əlukə bihəqqi hazihit-tinəh” Əvvəlcə Allahı bu torpağın haqqına and verib istə. Bu torpaq nədir? Onun haqqı nədir? Bunların barəsində fikirləşmişsinizmi? Sonra de: “İlahi, Səni and verirəm o mələyin haqqına ki, bu torpağı əxz etmişdir.” Daha sonra de:
وَ بِحَقِّ النَّبِيِّ الَّذِي قَبَضَهَا
“İlahi, Səni and verirəm bu türbəti qəbz (əxz) edən Peyğəmbərin haqqına!”
Bunun nəyə işarə olduğunu bilirsinizmi? O günə işarədir ki, Cəbrəil (Əleyhissalam) Peyğəmbərə (Səlləllahu əleyhi və alih) dedi: “Allah-taala Əli və Fatiməyə (ƏLEYHƏSSALAM) bir övlad verəcəkdir, o, Fərat çayının sahilində susuz halda qətlə yetiriləcəkdir.” Bu xəbəri onun təvəllüdündən qabaq verdi. Peyğəmbərin (Səlləllahu əleyhi və alih) qızı bu xəbəri eşitdikdə dedi: “Əgər belədirsə, mən belə müsibətlərə düçar olacaq bir övlad istəmirəm.” Cəbrəil xəbər gətirib dedi: “Allah belə müqəddər etmişdir ki, bu hadisənin müqabilində imamət həmin övladın nəslində qərarlaşsın.” Bu, Allahın Fatimeyi-Zəhraya (Əleyhassalam) olan sözü idi. Fatimə bunu eşidən kimi razı oldu. (4)
İmamət və ən böyük ilahi maarif və ən əzəmətli ibadət vüsəti – həzrət Seyyidüş-şühədanın (Əleyhissalam) qanının mükafatıdır
İmaməti onun nəslində qərar verməyin mənası xilqətin nəticəsini səmərəyə çatdırmaqdır ki, bu da dünyanın başdan-başında ən böyük ilahi maarifin yayılması və ən böyük ibadətdir. Bu məsələni həzrət Fatimeyi-Zəhra (Əleyhassalam) yaxşı şəkildə dərk etdi. Elə bir imamət ki, bütün vəhyin təfsiri yalnız onun vasitəsi ilə həyata keçir, vəhyin hamısının icrası o vədəsi verilən şəxsin zühuru ilə sona çatır. Bu mükafat bu övladın boğazının qanının mükafatıdır. Məhz buna görə Fatimeyi-Zəhra (Əleyhassalam) “indi razı oldum” dedi.
Fatimə (Əleyhassalam) razı olduqdan sonra Cəbrəil o torpaqdan bir ovuc gətirib Peyğəmbərin (Səlləllahu əleyhi və alih) əlinə qoydu. (5)
“Kamiluz-ziyarat”dakı rəvayətdə bu türbətin kim tərəfindən alınması və kim tərəfindən saxlanmasına mühüm diqqət və əhəmiyyət yetirilmişdir.
Cəbrəil (Əleyhissalam) ilə bir səviyyədə olan türbət
Bəzi rəvayətlərdə “həzənəha” , bəzi rəvayətlərdə isə “xəzənəha” təbiri gətirilmişdir. Yəni Peyğəmbər (Səlləllahu əleyhi və alih) onu götürüb öz yanında saxladı. Mühüm məsələ budur: Bu torpaq elə bir məqama çatıbdır ki, Cəbrəil və Xatəmən-nəbiyyin (Səlləllahu əleyhi və alih) ilə yanaşı (eyni səviyyədə) qərar verilərək ona (onun haqqına) and verilmişdir.
Bu barədə rəvayətlər olduqca çoxdur: istər mötəbər olsun, istərsə də qeyri-mötəbər. Türbəti götürməyin ədəb qaydalarından biri budur ki, gərək Allahı ona and verək.(6) Torpaq elə bir həddə çatmışdır ki, Allahı Cəbrəili-Əmin və Xatəmin-nəbiyyinə (Səlləllahu əleyhi və alih) and verdiyimiz kimi, ona da and veririk.
Seyyidüş-şühədanın (Əleyhissalam) qəbrinin türbətinə səcdə etməklə yerin yeddi qatının işıqlaşması
Daha mühüm məsələ budur: Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” kitabında “Qaləs-Sadiq” ünvanı ilə deyir:
قَالَ الصَّادِقُ: السُّجُودُ عَلَى طِينِ قَبْرِ الْحُسَيْنِ يُنَوِّرُ إِلَى الْأَرَضِينَ السَّبْعَة
“Hüseynin (Əleyhissalam) qəbrinin torpağına edilən səcdə yeri, yeddinci qatına qədər nurlandırır.”
Necə qovğadır! Mətləbin sirri nədir? Bu torpaqda necə bir təsir vardır ki, altıncı İmam belə buyurur? Hələ mətləb bundan da yüksəkdədir, insan əqlini heyrətə salan məsələ budur: “Əbu Əbdillahın ...var idi” Yəni bu hadisə davamlı şəkildə baş verirdi. Həzrətin sarı rəngli dibacdan olan bir parçası var idi. Bu parçada necə bir gövhər var idi? Ona baxanda orada bir ovuc torpaq olduğunu gördülər. Həzrət namaz vaxtı o parçanı açır və o torpağın üzərinə səcdə edirdi. İmam Sadiqin (Əleyhissalam) bu türbət barəsində bir kəlamı vardır ki, mən onu şərh etməkdən acizəm. Həzrət buyurur:
إِنَّ السُّجُودَ عَلَى تُرْبَةِ أَبِي عَبْدِ اللَّهِ يَخْرِقُ الْحُجُبَ السَّبْعَ
“Həqiqətən, Əbu Əbdillahın (Əleyhissalam) türbətinə səcdə etmək yeddi hicabı aradan aparır.”(7)
Bu hədisin ravisi Müaviyət ibni Əmmardır, Şeyxin Müaviyət ibni Əmmara olan sənədi səhihdir. Bu rəvayətdə dərindən fikirləşmisinizmi? O torpaq ki, bu tərəfdən yerin yeddinci qatına qədər nuraniləşdirir, digər tərəfdən səmada yeddi hicabı aradan qaldırır. Bu torpağın necə bir qüdrəti vardır?! Məgər kölgəsi bu torpağın üstünə düşən o şəxs kimdir?! Məzhəbimizin rəisi, mütləq vəlayət sahibi səcdə etdiyi zaman hicabları aradan qaldırmaq üçün bu qüdrətə malik olan torpaqdan istifadə edir və alnını bu torpağın üzərinə qoyur. Yalnız agah bir fəqih bu məsələnin nə olduğunu başa düşə bilər!
Yeddi təkbirin sirri
Namazın əvvəlində deyilən “təkbirətul-iftitah” rəvayətlərini oxuyun. Nə üçün təkbirlərin sayı yeddidir? Bunun sirri nədir? Yeddi təkbirin sirri budur: Hicabların sayı yeddidir. Yeddi təkbir təyin edilmişdir. Nə oldu ki, yeddi təkbir təyin edildi? Mənşəyi budur: Rəsulullah (Səlləllahu əleyhi və alih) namaza başladı. Aşura qəhrəmanı olacaq kiçik yaşlı bir oğlan uşağı da onun yanında dayandı. Peyğəmbər (Səlləllahu əleyhi və alih) “Əllahu əkbər” deyəndə, o uşaq da “Əllahu əkbər” dedi. Hələ dili tam açılmadığına görə yaxşı tələffüz edə bilmədi. Yeddinci təkbirə çatanda tələffüzünü düzəltdi. Bununla da namazın əvvəlindəki təkbirlərin sayı yeddi təkbir ünvanı ilə cari sünnət oldu. (8)
Yeddi təkbirin sirri budur: yeddilik təşkil edən hicablar bu təkbirlərin vasitəsi ilə aradan qalxır və elə bu təsir Hüseyn ibni Əlinin (Əleyhissalam) qəbrinin torpağının üstünə də gəlmişdir.
Budur İmam Hüseynin (Əleyhissalam) müqəddəs vücudu! Onu bu cür tanıtdırın! Onu camaata belə təqdim edin, bəlkə oğlunun (İmam Məhdinin (Əleyhissalam)) lütf nəzəri sizin halınıza şamil ola.